
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq deputat, iş adamı Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
Həmin müraciətdə deyilir:
Hörmətli Mehriban xanım!
Sizə bildirmək istərdim ki, oğlum Hüseyn Abdullayevin sağlıq durumu kritikdir və artıq yerimək gücünübelə itirib, səhhətindəki durum getdikcə pisləşməkdədir. Mən bu məsələnin hüquqi tərəflərinə toxunmaq fikrində deyiləm. Bu məsələnin mənəvi tərəfinə toxunmaq istəyirəm. Siz də gözəl bilirsiniz və əminəm ki, məni də çox yaxşı anlamış olarsınız ki, analıq duyğusu bütün vəzifələrdən öndə, bütün hisslərin üstündə gələn bir hissdir. 7 ilə yaxındır ki, bir valideyin kimi oğlumun həbsxanada çəkdiyi məşəqqəti onunla birlikdə yaşayıram. Bir ana kimi oğlumun hazırki durumuna həm üzülürəm, həm də iztirab çəkirəm. Oğlum Hüseynin sağlıq durumu elə bir duruma gəlib ki, deyiləcək sözlər belə bu vəziyyətin qarşısında gücsüzdür. Oğlumun səhhətində ciddi problemlər mövcuddur. Konkret olaraq isə yeriməkdə problem çəkir, halsızlığı var və daim təzyiqi yüksəkdir. Davamlı yüksək olduğundan onun insult keçirmək və həyati təhlükəsi mövcuddur. Yeganə çarə, göydə Allah, yerdə isə Sizsiniz! Bu ay Hüseynlə bağlı məhkəmə yekun qərarını açıqlayacaq. Ricam budur ki, səhhətindəki kritik vəziyyəti nəzərə alaraq, onun həbsxana şəraitində müalicəsinin çətinliyini nəzərə alaraq həbsinin ev dustaqlığı ilə əvəz edilməsinə öz dəstəyinizi göstərəsiniz. Ümid edirəm ki, Siz bir Ana kimi mənim keçirdiyim həyəcanı, narahatlığı anlayacaq və mənim bu müraciətimə həssas yanaşıb öz dəstəyinizi əsirgəməyəcəksiniz.
Hörmətlə, Zeynəb Abdullayeva
Afət Abbasova