Ramiz Mehdiyev istefa verdi - YENİLƏNİB

  • By admin
  • 14 Fevral 2022 19:13

Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Ölkə başçısı Prezident İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə “Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb: “Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirb. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib, pandemiya səbəbindən elmimiz adına bəzi uğurlu layihələrin həyata keçirilə bilməməsindən təəssüfünü çatdırıb.

Daha sonra çıxış edən Rəyasət Heyəti üzvləri qısa müddət ərzində Ramiz Mehdiyevin rəhbərliyi altında xeyli uğurlu işlərin görüldüyünü deməklə, onun Akademiya prezidenti vəzifəsindən ayrılmasından təəssüf hissləri keçirdiklərini dilə gətiriblər. Amma akademiklə əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə ümidvar olduqlarını bildiriblər.

 

***

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

M.Mərdanov deyib ki, R.Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

AMEA Mətbuat xidmətinin məsələ ilə bağlı geniş açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, 84 yaşlı R.Mehdiyev 23 oktyabr 2019-cu ildən AMEA-nın prezidenti vəzifəsində idi.

 

Gununsesi.info