44 günlük Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyəti minlərlə şəhid ailəsi ilə üz-üzə qaldı. Əvvəllər diqqətdən yayınan başqa bir problem də meydana çıxdı: şəhid xanımlarının şəxsi həyatına və seçimlərinə edilən müdaxilələr.
Bu müdaxilələr bəzən mənəvi təzyiq, sosial qınaq və nəzarət formasında özünü göstərir, bəzi hallarda isə faciəvi nəticələrə gətirib çıxarır.
Bu yaxınlarda Bakıda baş vermiş hadisə cəmiyyət üçün ciddi xəbərdarlıq olmalıdır. Şəhid həyat yoldaşı olan bir qadın öz qayınatası tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı yayılan məlumatlarda ailədaxili münaqişələrin, mülkiyyət və sosial ödənişlərlə bağlı problemlərin rol oynadığı qeyd edilir. Ancaq ailənin dediyi isə namusdur.
Bu hadisə təkcə bir cinayət işi deyil. O, cəmiyyətimizdə bəzi insanların şəhid xanımlarına müstəqil fərd kimi deyil, ailənin və ya mərhumun “mirası” kimi baxmasının təhlükəli nəticəsini göstərir. Təəssüf ki, bəzi çevrələrdə şəhid xanımının necə geyinməsi, hara getməsi, yenidən ailə qurub-qurmaması və hətta sosial şəbəkədə paylaşım etməsi belə müzakirə mövzusuna çevrilir. Sanki həmin qadın həyat yoldaşını itirməklə yanaşı, öz şəxsi azadlığını da itirməlidir.
Bu yanaşma həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir. Azərbaycan qanunlarına görə, hər bir vətəndaşın şəxsi həyatına hörmət olunmalıdır. Şəhid xanımı olmaq qadının hüquqlarını azaltmır, əksinə, onun daha həssas və qorunmalı sosial qrup olduğunu göstərir. Lakin bəzi insanlar şəhid ailəsinə hörmət anlayışını qadının həyatına nəzarət etmək kimi başa düşürlər. Bu isə hörmət deyil, himayəçilik adı altında azadlığın məhdudlaşdırılmasıdır.
Ən çox rast gəlinən problemlərdən biri şəhid xanımlarının yenidən ailə qurmasına qarşı göstərilən aqressiv münasibətdir. Cəmiyyətin bir hissəsi hesab edir ki, qadın ömrünün sonuna qədər yas saxlamalıdır. Halbuki müharibədə şəhid olan insanların özləri də yaxınlarının xoşbəxt yaşamasını istəyərdilər. İnsanın həyatını davam etdirməsi mərhuma xəyanət deyil. Əksinə, həyatın davam etməsinin təbii nəticəsidir.
Bu məsələdə ikili standart da açıq görünür. Əgər həyat yoldaşını itirən kişi yenidən evlənirsə, bu normal qarşılanır. Lakin eyni addımı atan qadın bəzən ağır tənqid və təhqirlərlə üzləşir. Bu, gender bərabərsizliyinin və köhnəlmiş stereotiplərin göstəricisidir.
Şəhid ailələrinə həqiqi hörmət onların həyatına nəzarət etməkdən deyil, hüquqlarını qorumaqdan keçir. Şəhid xanımı ilk növbədə şəxsiyyətdir, vətəndaşdır və öz taleyi barədə qərar vermək hüququna malikdir. Heç kimin onun adından yaşamaq, düşünmək və seçim etmək haqqı yoxdur.
Nəticə olaraq demək olar ki, şəhid xanımlarının həyatına müdaxilə etmək nə milli dəyərlərlə, nə də insan hüquqları ilə uzlaşır. Cəmiyyət şəhid ailələrinə hörmət anlayışını yenidən düşünməlidir. Həqiqi hörmət qadını susdurmaqda deyil, onun seçimlərinə hörmət etməkdədir. Əks halda, qəhrəmanların xatirəsini yaşatmaq adı altında yeni haqsızlıqlar və faciələr yaratmış olarıq.
Elmar
Gununsesi.info












