Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirildi

  • By admin
  • 22 İyul 2022 21:08

Azərbaycanda sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılması yollarının tapılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

İqtisadiyyatın şaxələnməsi proseslərinin orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığı aspektlərindən vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirdi ki, mövcud həssas məqamlar fonunda ölkədə maliyyə sabitliyi qorunur, kredit aktivliyinin bərpa olunması davam edir. Real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, xüsusən rayon və kənd yerlərində təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.

Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların rəhbərləri, sahibkarlar çıxış edərək bildilər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının faəliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfəsini verməkdədir.

Ölkədə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində fermerlərin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, güzəştli kreditlərin artırılması və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, şərtlərin sadələşdirilməsi, müvafiq qanun layihələrinin hazırlanmasında sahibkarlarla müzakirələrin aparılması, onların fkir və təkliflərinin nəzərə alınması və digər məsələlər önə çəkildi. Bunlarla yanaşı qlobal və milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı Mərkəzi Bank tərəfindən aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi də qeyd olunub.

Görüşdə daha sonra sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparıldı.

T.Kazımov müzakirələrin nəticələrini ümumiləşdirərək iclasın çox faydalı olduğunu qeyd etdi və səslənən təklifləri dəstəklədiyini diqqətə çatdırdı. Bildirdi ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaqdır.

Görüşə yekun vurularaq əminliyini bildirdi ki, ölkədə həyata keçirilən yeni nəsil sosial-iqtisadi və institusional islahatlar cəmiyyətin bütün üzvlərinin, xüsusən biznes mənsublarının güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaqdır.

Gununsesi.info