“Sepah”da itaətsizlik: İran hakimiyyəti əsas dayağını itirir - VİDEO

  • By admin
  • 24 Mart 2023 19:51

İran təqvimi ilə 1401-ci ilin son günlərində, Novruz bayramı ərəfəsində İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin iştirakı ilə keçirilmiş müşavirənin məxfi stenoqramı yayıldı və rejimin köhnə ili hansı durumda və hansı əhvalda yola saldığı aşkara çıxdı.

İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni “Sepah”ın yüksək rütbəli zabitlərinin həmin müşavirədəki çıxışlarını ehtiva edən 44 səhifəlik sənəd  ölkənin vəziyyətinə bir növ içəridən baxışı və rejimin daxildən parçalanmasını əks etdirdiyi üçün beynəlxalq medianın  diqqətini çəkdi, sənədlə bağlı müxtəlif şərhlər və təhlillər meydana gəldi.

Sənədin mötəbərliyi də şübhə doğurmur, çünki elə həmin müşavirədə dəfələrlə vurğulandığı kimi, son vaxtlar İranın hərbi və təhlükəsizlik strukturlarında məxfi məlumatların kənara ötürülməsi və satılması halları geniş yayılmaqdadır. Təsadüfi deyil ki, sənədi ilk dəfə dərc edən “Vəğte-azadi”, yəni “Azadlıq zamanı” Teleqram kanalının  bildirdiyinə görə, Xameneyinin ofisinin təhlükəsizlik xidməti bununla bağlı üç nəfəri istintaqa cəlb edib, digər analoji qurumlarda da məxfi sənədin kənara çıxması ilə əlaqədar araşdırmalara başlanıb.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Gununsesi.info