Şuşa əvvəlki günlərinə qayıdır - Elman Məmmədov

  • By admin
  • 02 Sentyabr 2021 14:06

“Son günlər Şuşada Prezident İlham Əliyevin iştirakı ilə çox böyük tədbirlər keçirildi. Ölkə başçısı öz çıxışında ermənilərə ciddi mesajlar verdi”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev bir daha dünyaya nümayiş etdirdi ki, bu torpaqlar bizə məxsusdur: “Vətəndaşlarımız tarix boyu bu ərazilərdə yaşayıb. Düşmən torpaqlarımızı işğal etmişdi, ancaq biz tarixi ədaləti bərpa etdik. Bunu etmək üçün qətiyyətli, cəsarətli, güclü olmaq lazımdır. Deyilən sözlər Prezident İlham Əliyevdə mövcuddur. O, Prezident olduğu ilk gündən demişdi ki, biz torpaqlarımızı azad edəcəyik və belə də etdi. İlham Əliyev verdiyi sözü tutdu və ərazi bütövlüyümüz bərpa edildi. Prezidentin Şuşada etdiyi çıxışla biz düşmənə, onun havadarlarına və bütün dünyaya bəyan etdik ki, bu torpaqlar bizimdir. Bugünkü yaradılmış Ermənistanın yerləşdiyi toraqlar da bizim ərazilərimizdir və vaxt gələcək oraya da qayıdacağıq”.

E.Məmmədov vurğulayıb ki, Şuşa əvvəlki günlərinə qayıdır: “Şuşada keçirilən tədbirlər tək ermənilərə deyil, onun haqsız mövqeyini müdafiə edənlərə də böyük zərbə oldu. Şuşa artıq abadlaşdırılır və işğaldan əvvəl olduğu kimi gözəl bir yer olacaq. Orada 30 ildən sonra “Xarıbülbül” festivalı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan sonra ilk dəfə Şuşaya gəldi. Bir çox ölkədən olan jurnalistlər oraya səfər edib. İndi isə 1982-ci ildən sonra Vaqif Poeziya Günləri keçirilir. Orada şairlərimizin, ziyalılarımızın iştirakı ilə sərgilərin keçirilməsi inkişafın başlanğıcıdır. Bunların hər biri oranın əvvəlki kimi gözəl günlərinə qayıtmasına və abadlaşdırılmasına bir sübutdur. Şuşanın Baş Planı təqdim olundu və Prezident İlham Əliyev bu haqda ilkin məlumatları verdi. Vətəndaşlarımız qısa müddətdə öz yerlərinə qayıdacaqlar. Şuşa şəhəri bütün dünyanı özünə cəlb edən bir mərkəz olacaq”.

Gununsesi.info