Türkiyənin son illərdə elm, təhsil, texnologiya sahəsindəki uğurları bizi sevindirir. 2023-cü ildə Türkiyə universitetlərində 300 min əcnəbi tələbə təhsil alırdı. Türkiyənin ali təhsil sahəsində hədəfi yaxın illərdə 500 min – 1 milyon arası əcnəbi tələbə cəlb etməkdir.
Türkiyə Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, son 10 ildə xarici tələbələrin ümumi sayı 250% artaraq rekord həddə çatıb və 2025-2026-cı tədris ilində 380 mindən çox olub. Çox yaxşı.
Eyni zamanda biz öz universitetlərimiz haqqında da düşünməliyik. Türkiyədə təxminən bizim 35 min tələbəmiz təhsil alır. Təxminən bir o qədər də toplam olaraq digər ölkələrdə də tələbələrimiz var. Əgər xaricdə bizim 70 min tələbəmiz təhsil alırsa, balansı saxlamaq üçün məntiqlə bizim universitetlərdə də 70 min əcnəbi tələbə təhsil almalıdır. Amma reallıqda 2021-2022-ci tədris ilində ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7500-ə yaxın əcnəbi tələbə təhsil alıb. İndi 8-9 min ətrafında əcnəbi tələbə təhsil alır. Niyə universitetlərimizdə əcnəbi tələbələrın sayı azdır?
Çünki, bizim universitetlər rəqabətədavamlı deyillər.
Əcnəbi tələbələr üçün burda oxumaq nə təhsil, nə elm, nə də digər cəhətdən cəlbedici deyil.
Ölkəmizin baş naziri bu yaxınlarda bildirdi ki, bizim bir çox universitetlərin diplomları hətta qardaş Türkiyədə də tanınmır. Bu halda əcnəbi tələbələr bizim universitetlərə oxumağa gələrmi heç?
Hesab edirik ki, ETN universitetlərimizin rəqabətədavamlığını təmin etmək üçün kompleks işlər görməlidir. Son 30 ildə belə təşəbbüslər olmayıb. Bu illərdə ali təhsilə dair 2 dövlət proqramı qəbul edilib, amma icra səmərəsiz olmuşdur.
Yaxşı olar ki, təhsildəki bu durum NK-nin iclasında müzakirə edilsin, təcili olaraq konkret inkişaf proqramları qəbul edilsin. Əks halda ölkə prezidentinin də qeyd etdiyi kimi, postneft erasında ağır durum yarana bilər.

İlham Əhmədov
Dosent












