“Tehran hakimiyyəti zənginləşdirilmiş uranı hədələyici vasitə kimi istifadə edir” -SƏDRƏDDİN SOLTAN

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail ilə münaqişənin kəskinləşməsindən sonra İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.

Bunu agentliyin baş direktoru Rafael Qrossi “France 2” telekanalının efirində deyib. “60% zənginləşdirilmiş 400 kiloqram uran ciddi məsələdir.

“Bu material haradasa var, lakin döyüş başlayandan sonra agentlik onun izini itirib”, – deyə o əlavə edib.

Qrossinin sözlərinə görə, hərbi əməliyyatların davam etməsinə baxmayaraq, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada yerləşdiyini göstərməyə borcludur.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“Rafael Qrossinin bəyanatı yeni deyil, lakin İranın zənginləşdirilmiş uran miqdarı ilə bağlı açıqlamaları yenidir. ABŞ və İsrail rəsmiləri də bu açıqlamaları təsdiqləyiblər. Hətta Tehran hakimiyyəti bildirir ki, açıqlanan miqdarda urana malikdirlər və bəzi rəsmilər çəkindiricilik məqsədilə nüvə silahı əldə etmək təklifləri ilə belə çıxış edirlər. Bu isə göstərir ki, ABŞ yay aylarında İranın nüvə obyektlərinə zərbə endirsə də, zənginləşdirilmiş uranı əldə etmək və ya zərərsizləşdirmək mümkün olmayıb.

Nəticədə, Qərbin tələblərindən biri — zənginləşdirilmiş uranın saxlanıldığı yer barədə məlumat verilməsi — Tehran tərəfindən rədd edilib”.

Siyasi şərhçi əlavə edib ki, əvvəlki danışıqlarda  uranın başqa ölkələrə köçürülməsi şərti irəli sürülmüşdü, lakin İran buna əməl etməyib və hadisələr davam edib.

“İranın 60%-i zənginləşdirilmiş urana malik olması onun nüvə silahı əldə etmək potensialını artırır. Bu isə həm region ölkələri, həm də ABŞ və İsrail üçün ciddi təhdid yarada bilər. Düzdür, İranın ali dini lideri Əli Xameneinin fətvasına görə İran nüvə silahı hazırlamayacaq və onun tətbiqi üçün qanunvericilik və hərbi doktrinanı dəyişmək lazımdır ki, bu da hələ baş verməyib. Buna baxmayaraq, Tehran hakimiyyəti zənginləşdirilmiş urandan ABŞ, İsrail və müttəfiqlərini hədələmək və çəkindirmək məqsədilə istifadə edir.

Xameneinin son çıxışında da ABŞ-ın İranın nüvə obyektlərini bombalaması ilə bağlı açıqlamaların reallığı əks etdirmədiyi vurğulanıb. Tehran hakimiyyəti eyni zamanda dağıdılmış nüvə obyektlərində bərpa işləri apardığını açıqlayıb. Bu bəyanatlar həm də danışıqlar prosesinə mane olur, qarşı tərəfə — xüsusən ABŞ-a — növbəti addımlar üçün bəhanə verir. Eyni zamanda, Çin və Rusiya İranın nüvə silahı məqsədi daşımadığını müdafiə etsələr də, Xameneinin hədələyici çıxışları onların diplomatik manevrlərini də çətinləşdirir”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info