ABŞ Prezidenti Donald Tramp İranla sülh danışıqlarına şans verməyə hazırdır, lakin bunun üçün Tehran ilk olaraq atəşkəsə razılıq verməlidir.
Gununsesi.info xəbər verir ki, bu barədə “New York Post” ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“İstənilən danışıqların əsası budur ki, atəşkəs başlayır və ilk addımı İran atmalıdır”, – mənbə bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Tramp mümkün qədər tez razılaşmanın əldə olunmasını istəyir.
“Lakin iranlılar gəmilərə, ABŞ bazalarına və Fars körfəzindəki ABŞ müttəfiqlərinə hücumları davam etdirsələr, bunun əvəzini ödəməli olacaqlar”, – mənbə əlavə edib.
“New York Post”un məlumatına görə, ABŞ və İran arasında texniki məsləhətləşmələr davam edir, tərəflər vasitəçilərlə də əlaqə saxlayırlar.
Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi ABŞ və İran arasındakı münaqişənin nizamlanması ilə bağlı danışıqların davam etdiyini açıqlayıb. O bildirib ki, Pakistan İslamabad memorandumunun şərtlərinə əməl olunması üçün mümkün səyləri göstərir.












