Turan Rzayev: Naxçıvan Azərbaycanın regional bağlantılar sistemində mühüm qovşağa çevrilə bilər

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 14:00

Politoloq Turan Rzayev Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində verdiyi geniş müsahibəni şərh edib.

Gununsesi.info-nun xəbərinə görə, Turan Rzayev bildirib ki, müsahibədə Naxçıvanın gələcək inkişaf strategiyasının əsas istiqamətləri aydın şəkildə ortaya qoyulub.

Onun sözlərinə görə, bu strategiyanın ilk komponenti təhlükəsizlikdir.

Politoloq qeyd edib ki, Naxçıvanın coğrafi xüsusiyyətləri onun Azərbaycanın digər ərazilərindən fərqli təhlükəsizlik yanaşması tələb etməsini şərtləndirir. Əlahiddə Ordunun yaradılması, hərbi potensialın gücləndirilməsi, müasir texnika və komando qüvvələrinin formalaşdırılması muxtar respublikanın təhlükəsizlik arxitekturasında xüsusi yer tutduğunu göstərir.

Rzayevin fikrincə, enerji təhlükəsizliyi də Naxçıvan strategiyasının əsas istiqamətlərindəndir. 300 meqavatlıq istilik elektrik stansiyasının tikintisi, 50 meqavatlıq Günəş elektrik stansiyaları, yeni su elektrik stansiyaları, daha böyük Günəş enerjisi layihələri və enerji saxlanc sistemlərinin yaradılması Naxçıvanın gələcəkdə enerji ixrac edən məkana çevrilməsi məqsədinə xidmət edir.

Politoloq Prezidentin səsləndirdiyi rəqəmlərin də bu ambisiyanın miqyasını göstərdiyini vurğulayıb.

Hazırda Naxçıvanda mövcud generasiya gücünün təxminən 200 meqavat olduğunu xatırladan Rzayev gələcəkdə yalnız Günəş enerjisi hesabına 500-1000 meqavatlıq potensialdan danışılmasının diqqətçəkən olduğunu bildirib.

Onun sözlərinə görə, burada məqsəd yalnız Naxçıvanın enerji tələbatını ödəmək deyil, əldə olunan enerjinin Türkiyə, İran və perspektivdə Avropa bazarlarına çıxarılmasıdır.

Turan Rzayev Prezidentin müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı mesajların xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

“Zəngəzur dəhlizi yalnız dəmir yolu və avtomobil yolu layihəsi kimi təqdim edilmir. Gələcəkdə burada enerji, fiber-optik kommunikasiya və digər infrastruktur xətlərinin keçdiyi çoxfunksiyalı regional bağlantının formalaşması nəzərdə tutulur”.

Politoloq hesab edir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpası muxtar respublikanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu halda Naxçıvan son nöqtə deyil, böyük nəqliyyat marşrutlarının üzərində yerləşən tranzit mərkəzə çevrilə bilər.

Rzayev 15 milyon tonluq yükötürmə qabiliyyəti məsələsinin də bu baxımdan mühüm olduğunu bildirib. Hazırkı dəmir yolunun təxminən 1,5 milyon ton yükötürmə qabiliyyətindən 15 milyon tona qədər artırılması hədəfinin sadəcə dəmir yolunun bərpası deyil, yeni logistika sisteminin qurulması anlamına gəldiyini vurğulayıb.

Politoloqun fikrincə, burada vaxt amili də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz ərazisində həyata keçirilməli olan infrastruktur layihələrini Ermənistan ərazisindəki proseslərdən asılı vəziyyətə salmadan reallaşdırmağa çalışır. Beləliklə, gələcək regional bağlantının texniki və iqtisadi bazası əvvəlcədən hazırlanır.

Turan Rzayev idarəetmə məsələsini də Prezidentin müsahibəsində diqqətçəkən məqamlardan biri kimi qiymətləndirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda da tətbiq edilməsi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Politoloq xüsusilə Naxçıvanın muxtar respublika statusunun saxlanılmasının vurğulanmasına diqqət çəkib.

Onun fikrincə, burada söhbət muxtariyyət statusunun dəyişdirilməsindən deyil, idarəetmənin daha çevik və effektiv mexanizmlərlə təşkilindən gedir.

Rzayev hesab edir ki, Prezidentin təqdim etdiyi strategiyada Naxçıvan gələcəkdə təhlükəsizlik baxımından gücləndirilmiş, enerji baxımından özünü təmin edən və ixrac potensialına malik, Azərbaycanı Türkiyə və İranla daha sıx birləşdirən, sənaye və logistika imkanlarını genişləndirən regional mərkəz kimi nəzərdən keçirilir.

“Bu strategiyanın reallaşması ilk növbədə dəhliz layihələrinin vaxtında həyata keçirilməsindən, infrastruktur layihələrinin ardıcıl icrasından, investisiyaların cəlb edilməsindən və yeni idarəetmə mexanizmlərinin real nəticələr verməsindən asılı olacaq”, – deyə politoloq qeyd edib.

Turan Rzayevin fikrincə, yeni yanaşmanın əsas fərqi ondan ibarətdir ki, Naxçıvanın gələcəyi artıq Azərbaycanın əsas hissəsindən fiziki ayrılığın yaratdığı məhdudiyyətlərlə deyil, onun coğrafi mövqeyinin yaratdığı regional imkanlarla izah olunur.

Politoloq hesab edir ki, qarşıdakı mərhələdə bu coğrafi mövqe Naxçıvanı Azərbaycanın regional nəqliyyat, enerji və iqtisadi bağlantılar sisteminin əsas qovşaqlarından birinə çevirə bilər.

Orxan

Gununsesi.info