Uzun illər bizə sevinc yaşadan adamı aşağılamaq olmaz - Qulu Məhərrəmli Qurbanovdan yazdı

  • Müəllif: Orxan
  • 29 Avqust 2026 11:50

Professor Qulu Məhərrəmli “Qarabağ” futbol klubunun son məğlubiyyəti və baş məşqçi Qurban Qurbanova yönələn tənqidlərlə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Qulu Məhərrəmli bildirib ki, Azərbaycan cəmiyyəti kin və nifrəti “kinetik enerji kimi” daxilində saxlayır və bunun üzə çıxması üçün fürsət axtarır.

Onun sözlərinə görə, “Qarabağ” və Qurban Qurbanova münasibətdə də oxşar yanaşma müşahidə olunur.

Məhərrəmli qeyd edib ki, dünən “Qarabağ”ın uğursuz oyunu, yol verdiyi səhvlər və məğlubiyyəti onu da məyus edib:

“Mən də çox üzüldüm, xeyli əsəbilik keçirtdim və qaralarınca deyindim. Amma uzun illərdir bizə qələbə sevinci və qürur yaşatmış, futbolumuza böyük uğurlar qazandırmış rəmzi bir ad daşıyan komandaya və fədakar məşqçiyə arxa çevirmək, unutqanlıq etmək, onları aşağılamaq ağlımdan da keçmədi”.

Jurnalist bildirib ki, oyunun istənilən nəticəni verməməsinin müxtəlif səbəbləri ola bilər. O, gücün azalması, yanlış taktika, yorğunluq, komandaya münasibətin dəyişməsi, bacarıqsızlıq, zamanla ayaqlaşa bilməmək və hətta karyeranın sonunun mümkün səbəblər sırasında nəzərdən keçirilə biləcəyini yazıb.

Qulu Məhərrəmliyə görə, bütün bunlar “Qarabağ”ı təhqir etmək və Qurban Qurbanovun şəxsiyyətinə hücum etmək üçün əsas deyil.

“Bəli, oyun alınmadı, hamımızın kökləndiyi qələbəli nəticə olmadı. Bunun səbəbini hərə bir cür yoza bilər. Amma bütün bunlar “Qarabağ”ı söyməyə, milləti dəfələrlə sevindirmiş Qurban Qurbanovun şəxsiyyətinə hücum üçün əsas ola bilməz”, – deyə o vurğulayıb.

Gununsesi.info