“Vaxt gələcək bütün Azərbaycan mənimlə fəxr edəcək” -Şəhidin dostuna sözləri

  • By admin
  • 15 Sentyabr 2022 14:53

Şəhid Ravil Hümbətov. Ravili on ildən çoxdur tanıyırdım. Bizdən biraz aşağıda məcburi köçkünlərin yerləşdirildiyi binada qalırdı. Bir neçə il demək olar hər gün bir yerdə olurduq. Çox təmiz, ürəyiaçıq, mərhəmətli ürəyə sahib insan idi. Bir ara aktyor olmaq həvəsinə düşdü. Dedim köməklik edərəm. Sonradan dedi ki, əşi yox, mənlik deyil.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Star Casting”in direktoru Xətai Mehbalıyev sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətov haqqında yazıb. Şəhidlə bağlı xatirələrini bölüşən kastinq direktoru qeyd edib ki, R.Hümbətovun bir ara aktyorluğa həvəsi olsa da, o, bu fikrindən sonralar vaz keçib.

“Bu fotoları səhv etmirəmsə, “Son addım” serialının kastingi zamanı çəkmişdik. Çox vaxt dediyi bir cümlə var idi “Vaxt gələcək bütün Azərbaycan mənimlə fəxr edəcək”. Biz isə gülüb keçərdik. Amma o dedi və etdi. Bütün Azərbaycan səninlə fəxr edir, Ravil. Ruhun şad olsun, əziz dost”.

Gununsesi.info