Azərbaycan efirində verilişlərin dil açıb “Başua dönüm, olar məni aparmayasan? Özüm gedərəm” dediyi, ancaq buna baxmayaraq, qayıdıb “mən ölüm, inciyərəm, aparacam” deyən bir aparıcı da Mətanət Əliverdiyevadır.
Mətanət xanım verilişi aparmır, bildiyin sürüyür.
Onun veriliş aparması sadəcə bir iş deyil, bu, həm də efirdə yenilikdir. İzləyici həm burulub qalır, həm də axırda heç nə başa düşmür. Belə baxanda, hamı onun efirini gözləyir. Daha dəqiq, bitmə vaxtını. Diqqət etmişəm, ən maraqlı verilişlər həmişə onun ya efirindən əvvəl, ya da sonra olur.
Onun güc-bəla ilə sürüyüb apardığı efirlər gecə yarısı evinə gedən qonaq kimidir. Ayaqqabılarını geyinəndə yalandan getmə deyirsən, ancaq istəyirsən ki, dərhal evi tərk etsinlər. Qapıdan çıxanda “sən Allah, yenə gəlin, darıxırıq” desəndə, ürəyində gəldiklərinə, boş-boş saatlarla oturduqlarına görə də söyürsən.
Yəqin ki, onun adı gələndə insanın ağlına ilk olaraq açdığı “şpaqat” gəlir.
Gözünün açandan veriliş aparan Mətanəti açdığı şpaqat xatırladırsa, əslində, çox da bir söz deməyə ehtiyac yoxdur.
Ancaq yenə də üzə düşüb deməkdə fayda var.
Mətanət xanım apardığı verilişləri kuryerə versən, acığa aparmaz. Ancaq o özü Azərbaycan efirində payi-piyadə qalıb.
Elə adamlar var ki, onların qəlbinin səsi də adamın başına düşür. Bu mənada, Mətanət xanımın səsi qədər adama əsəb verən ikinci bir səs yoxdur. Bilmirsən, qışqırır, ya elə normal səs tonu odur? Gülməyini isə Allah göstərməsin. Tək-tük adamlardandır ki, güləndə adamı ağlamaq tutur.
Hərdən elə bilirəm ki, Mətanət xanım hər dəfə verilişə təzə mikrofonla çıxır. Mümkün deyil ki, bir mikrofon ona ikinci dəfə dözsün. Nə əlinə mikrofon yaraşır, nə də özü efirə.
Ancaq bütün bunlara baxmayaraq, Mətanət xanımın fərqli aurası var. Yəni hərdən elə bilirəm, Mətanət xanım eltisinə cadu etdirən Mətiş xaladır. Niyəsə onun dilin-ağzın bağlamaq istəyir.
Mətanət xanım veriliş aparmır. Onun apardığı verilişlər, onsuz da, öz-özünə daha yaxşı gedir. O da dayanır ki, heç olmasa, maraqlı olsun. Ancaq olmur.
Bu gün istənilən məhlədə canlı kamera rolunu oynayan, hamının hara getdiyini, nə etdiyini yaxşı bilən, cavan qızların kimi sevdiyinə, hansı maşından düşdüyünə, kimin ərinin evə gələndə nə aldığına qədər araşdıran bibilərin hamısı Mətanət xanımdan daha yaxşı aparıcıdır. Ən azı, onlar məhəllədəki söz-söhbətləri apara bilirlər. Onların verdiyi informasiyalar Mətanət xanımın verdiyi informasiyalardan daha maraqlı, daha çox xəbər əhəmiyyətlidir.
Məncə, onun apardığı verilişləri telekanal yox, Allah saxlayır, verilişləri birbaşa Allaha tapşırıblar. Di gəl, o verilişləri Allah yaratsa da, sonradan maraqlanmayıb.
Mətanət xanımın sərgüzəştləri bununla bitmir.
O özünü aktrisalıqda da sınayıb.
Mətanət Əliverdiyevanın aktrisalığı haqqında təkcə nəsə demək olmur. Bu məqamda yenə onun aparıcılığını xatırlayaraq demək lazımdır ki, ikisi də bir-birindən pisdir.
Bu iki işi arasında “ən pis hansıdır?” seçimini etmək, demək olar ki, mümkün deyil.
Həqiqətən, Mətanət xanımın gücü ondadır ki, o Azərbaycan televiziya tarixində heç kimin etmədiyini edir: efiri həm dayanılmaz edir, həm də heç kimin yadına gəlməyəcək qədər unudulmaz.
Mətanət Əliverdiyeva uzun illər efir aparmağına baxmayaraq, yadda elə məhz şpaqat açmağı, bir də “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri ilə.
Əlbəttə, bu sözləri o ilk ağıla gələn niyyətlə deməyib. Ancaq özünün sevimli obrazı olmadığı üçün insanlar bunu da pis qarşıladılar. Onsuz da, istedadı, aparıcılığı ilə sevgi qazana bilməyən, fərqlənməyən Mətanət xanım bir də belə bir nifrət qazandı.
Onun indiyə qədər başqa heç bir yaxşıp işi ilə seçilə bilməməsi də faciədir. Çünki Azərbaycanda xeyli qadın aparıcı var və onların hərəsi bir şeyə görə xüsusi seçiliblər. Fəqət belə bir hadisə Mətanət xanımın başına gəlməyib.
Onu Azərbaycan efirinin qurulu, sünilik ilahəsi adlandırmaq daha doğrudur.
Məncə, Mətanət xanım tamada olsaydı, heç olmasa, xanım tamada kimi tarixə düşə bilərdi. Çünki onu xanım aparıcı kimi xatırlamaq olmur.
Təəssüf ki, heç unutmaq da. Ən azından, qəfil o şpaqat gəlib durur adamın gözünün qabağında və səni hır tutur.

Orxan Saffari












