Xəzər Universitetində baytarlıq klinikası açılır

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və müasir klinikası açılır.

Gununsesi.info bildirir ki, açılış mərasimi 12 iyun 2026-cı il saat 11:00-da keçiriləcək.

Bildirilib ki, mərasim Azərbaycanda baytarlıq təhsilinin inkişafı, müasir tədris imkanlarının genişləndirilməsi və gələcək mütəxəssislərin hazırlanması baxımından mühüm hadisə kimi qiymətləndirilir.

Qeyd edək ki, yeni tədris infrastrukturu tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların qazandırılmasına, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun klinik təcrübənin formalaşmasına şərait yaradacaq. Tədris klinikası isə həm tələbələrin peşə hazırlığının artırılmasında, həm də heyvan sağlamlığı sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsində əsas rol oynayacaq.

Mərasimdə dövlət qurumlarının nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbərlərinin, baytarlıq sahəsi üzrə mütəxəssislərin, beynəlxalq tərəfdaşların və media təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Tədbir çərçivəsində çıxışlar, fakültənin inkişaf istiqamətləri barədə təqdimatlar və yeni infrastrukturla tanışlıq turu təşkil ediləcək.

 

Gununsesi.info