“Bu gün Azərbaycanda xaricdə təhsil almamış insanlara bəzən aşağı seqment kimi baxıldığının, yerli universitetlərin diplomlarına isə əvvəlki qədər dəyər verilmədiyinin şahidi oluruq”.
Gununsesi.info bildirir ki, bu fikirlər Ülkər Qasımovaya məxsusdur.
O qeyd edib ki, məhz bu səbəbdən bütün qazancını övladının xaricdə təhsil almasına xərcləyən valideynləri qınamaq doğru deyil:
“Əksinə, övladının gələcəyi üçün öz imkanlarından keçən valideynin niyyətini çox yaxşı anlayıram.
Amma burada başqa bir reallıq da var: xaricdə təhsil məsələsində pul hələ də çox ciddi rol oynayır.
Öz biliyi və zəhməti hesabına tam təqaüd qazanaraq dünyanın yaxşı universitetlərində təhsil almaq imkanı əldə edən gənclər, əlbəttə, var. Lakin onların sayı çox deyil. Əksər hallarda yaxşı xarici təhsil ailədən ciddi maliyyə imkanları tələb edir”.
Ü.Qasımova hesab edir ki, əsas sual Azərbaycan universitetlərində təhsil alan minlərlə gəncin gələcəyinin necə olacağı ilə bağlıdır:
“Bəs Azərbaycan universitetlərində təhsil alan minlərlə gəncin aqibəti necə olacaq?
Hər ailənin övladını xaricdə oxutmağa imkanı yoxdur. Hər istedadlı gəncin də tam təqaüd qazanmaq şansı eyni deyil. O zaman yerli universitetlərdə oxuyan gənc öz gələcəyinə necə inanmalıdır?
Əgər uğurun əsas göstəricilərindən birinə xarici diplom kimi baxmağa başlayırıqsa, bu qədər gəncin aldığı yerli təhsili və qazandığı diplomu necə dəyərləndirəcəyik?”
Onun sözlərinə görə, məsələ yalnız xaricdə və ya Azərbaycanda təhsil almaqdan ibarət deyil:
“Əsas məsələ insanın harada təhsil almasından asılı olmayaraq, biliyinin, bacarığının və əməyinin ona real imkan yarada bilməsidir.
Xaricdə təhsil böyük üstünlüklər verə bilər. Amma yaxşı gələcəyin yeganə ünvanı xarici universitet olmamalıdır.
Əks halda, övladını xaricdə oxutmağa maddi imkanı olmayan ailələrin uşaqlarına sanki əvvəlcədən “sən geridəsən” mesajı vermirikmi?”
Ü.Qasımova hesab edir ki, əsas sual Azərbaycan universitetlərində təhsil alan gənclərin gələcəyinin necə təmin olunmasıdır:
“Biz niyə öz universitetlərimizdə oxuyan gənclərimizin yaxşı təhsil alıb, layiqli iş tapıb, öz biliyi ilə uğur qazana biləcəyi bir sistem qura bilmirik?
Və bu duruma dövrümüzün yeni sahələrindən olan İnsan Resurslarının peşəkarları niyə etiraz etmir?”
Firuzə Mahmudova
Gununsesi.info











