Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin ölkəsinin və bütövlükdə regionun iqtisadi vəziyyətinin dəyişdirilməsində mühüm rol oynayacağını bildirib.
Gununsesi.info xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirilən Ermənistan–Böyük Britaniya biznes forumunda çıxışı zamanı deyib.
“Ümumilikdə aydındır ki, Ermənistan Respublikası və regionumuz transformasiya mərhələsindədir. Bu, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və bununla bağlı baş verən hadisələrlə əlaqədardır. Hazırda TRIPP layihəsinin icrasına başlamaq üçün gündəlik işləyirik. Bu layihə, şübhəsiz ki, təkcə Ermənistanın deyil, bütün regionun iqtisadi vəziyyətinin dəyişdirilməsində təməl rol oynayacaq”, – Paşinyan deyib.
Paşinyan əlavə edib ki, yaxın gələcəkdə TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan–Türkiyə sərhədinin açılması, həmçinin Ermənistan–Azərbaycan və Ermənistan–Türkiyə dəmir yolu əlaqələrinin bərpası gözlənilir.












