Tanınmış kardioloq Üzeyir Rəhimov özəl xəstəxanalarda icbari tibbi sığortanın tətbiq edilməməsindən narazılıq edib.
Gununsesi.info xəbər verir ki, kardioloq bu vəziyyətin vətəndaşların həkim və tibb müəssisəsi seçmək hüququnu məhdudlaşdırdığını bildirib.
“Bəli, özəl xəstəxanalara sığorta haqqı verilmir. Nəticədə, sizin vətəndaşlıq haqlarınızı pozurlar, həkim seçmə haqqınızı əlinizdən alırlar, məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz”, – deyə Ü.Rəhimov qeyd edib.
O, dövlət xəstəxanalarında da yaxşı həkimlərin çalışdığını, lakin avadanlıq və ləvazimat çatışmazlığının ciddi problem yaratdığını vurğulayıb.
Kardioloqun sözlərinə görə, dövlət xəstəxanalarında bəzi aparatların işlək olmaması tibbi xidmət prosesini uzadır. Özəl xəstəxanalarda isə avadanlıqla bağlı yaranan problemlərin daha operativ həll edildiyini bildirib.












