“Yaxın vaxtlarda bu problemlər öz həllini tapacaq” - İCRA BAŞÇISI SAKİNLƏRİ DİNLƏYİB

  • By admin
  • 07 Sentyabr 2022 18:40
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun 17 nömrəli tam orta məktəbin ərzisində keçirilən sakinlərlə kütləvi görüşü olub.
Bu  barədə şəhər ira hakimiyyətindən Gununsesi.info-ya göndərilən məlumatda deyilir.
Məlumata görə, görüşdə icra başçısı İlham İsmayılov bildirib ki, bu görüş sakinlərdən daxil olan müraciətlərə görə təşkil olunub:
“Şəhər İcra Hakimiyyətinə daxil olan məktublarda Nəsimi, Aydın Məmmədov 1, 4, 4/1, 4/2, 6/3, və digər binalarda yaşayan sakinlərdən bir qrupu mənimlə görüşün təşkil olunmasını istəmişdir. Məktubla tanış olduqdan sonra dərhal həmin ərazidə görüş təşkil olunmasını qərara aldım. Açığı, şəhərimizin bu ərazisində aparılan işlər qarşıya çıxan problemlər, insanların həyat tərzlərinin yaxşılaşdırılması üçün həyata keçiriləcək işlər İcra Hakimiyyətinin tədbirlər planında nəzərdə tutulur. Nəsimi, Aydın Məmmədov küçələri boyunca kanalizasiya sisteminin qaydaya salınması istiqamətində görülən işlər başa çatdıqdan sonra bu ərazilərdə əsaslı təmir işlərinin başlanmasına start veriləcək. Sakinlərimizn rahatlığının təmin olunması üçün hər cür şərait yaradılacaq.”
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov giriş sözündə ölkədə və şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə də toxundu.
44 günlük Vətən müharibəsindən sonra qələbə əhval-ruhiyyəsi ilə yaşayan xalqımızın Qarabağda həyata keçirdiyi böyük quruculuq işlərindən, insanların öz doğma yurd-yuvalarına qayıdışından, ölkə rəhbəri cənab İlham Əliyevin bu istiqamətdəki qətiyyətli addımlarından bəhs etdi. Bu günlərdə Brüsseldə Avropa İttifaqının təşkilatçılığı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü yada saldı. Eləcə də Mingəçevirdə görülən işləri diqqətə çatdırdı: “Bunun nəticəsidir ki, bu gün Mingəçevirdə su, qaz, işıq problemi demək olar ki, yoxdur. İnsanların rahatlığı üçün hər cür şərait var. Bu günkü görüşün əhəmiyyəti də ondadır ki, sizin xahiş və tələbləriniz, arzu və istəkləriniz qeydiyyata götürülərək mərhələ-mərhələ həyata keçirilir. Bu cənab prezidentin bizə tövsiyə və tapşırığıdır.”
Sonra görüş iştirakçılarının ixtiyarına verilmiş sərbəst mikrafondan istifadə edərək sakinlər öz fikirlərini bölüşdülər. İlk olaraq mikrafona yaxınlaşan Nəsimi küçəsindəki 15 nömrəli mənzilin sakini Xətai Yəhyayev onların arzu və istəyinə uyğun görüşü təşkil etdiyinə görə şəhər rəhbərinə təşəkkürünü bildirdi və qarşılaşdığı problemləri dilə gətirdi. Xüsusilə Nəsimi küçəsi ilə axmaz göl arasındakı ərazidə kanalizasiya sisteminin birləşdirilməməsini vurğuladı. Bu səbəbdən ağcaqanadların çoxalmasını, çirkli suların ərazidə üfunət iyi yaymasını diqqətə çatdırdı. Daha sonra həmin küçənin 6 nömrəli mənzilinin sakini Tamella Mustafayeva yaşıllaşdırma və sanitar təmizlik idarəsinin qarajının ərazidən köçürülməsini xahiş etdi.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələyə münasibətini bildirərək qeyd etdi ki, yaxın vaxtlarda Mingəçevirin ərazisinin 353 hektaradək artırılması nəzərdə tutulur. Belə olan tərzdə həmin məsələnin həllinə diqqət yetirmək mümkün ola bilər. Bu gün isə həmin məsələni həll etmək bir çox problemlər yaradar. Odur ki, bir qədər gözləmək məcburiyyətindəyik.
Görüşdə Aydın Məmmədov, Nəsimi küçələri ilə yanaşı şəhərin digər ərazilərində yaşayan sakinlər öz ürək sözlərini ifadə etdilər. Sakinlərdən Esmira Əliyeva, Elxan Kərimov, Sevda Salahova, Mələk Tağıyeva, Səmərqənd Süleymanova, Tehranə Zeynalova, Afina Bəkirova, Çingiz Hüseynov, Rəcəb Davudov, Yusif İsgəndərov və başqaları çıxış edərək qarşılaşdıqları probemləri dilə gətirdilər. Onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını ifadə edərək problemlərindən söz açdılar. Qeyd olundu ki, ərazidəki binalarda istilik sistemi, məhəllələrdə işıqlanma, uşaqların əyləncəsi üçün idman qurğuları, sakinlərin rahatlığının təminatı ilə bağlı oturacaqlar, söhbətgahlar, ərazilərdə asfalt örtüyünün yenilməsi vacibdir, binalar əsaslı təmirdən çıxarılmalıdır. Zirzəmilər antisanitariya vəziyyətindədir. Bir sözlə, ərazi başdan-başa nəzarətə götürülməlidir.
Sakinlərin qaldırdıqları məsələlərə diqqətlə yanaşan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki: “ Bu günkü görüşdə iştirak edən İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri qaldırılan problemləri nəzarətə götürməklə mərhələ-mərhələ həllinə nail olmağa çalışacaqlar. Tam əminliklə bildirirəm ki, yaxın vaxtlarda bu problemlər öz həllini tapacaq.”
Afət Abbasova
Gununsesi.info