Yazıçı Arzu Əsəd Səudiyyə Ərəbistanında son illərdə həyata keçirilən dini və sosial dəyişikliklər, vahabiliyin təsirinin azalması və bunun regiona mümkün təsirləri barədə fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Arzu Əsəd bildirib ki, 1990-cı və 2000-ci illərdə Azərbaycanda uzun saqqal saxlayan, balağı qısa şalvar geyinən və özlərini “həqiqi İslamın” tərəfdarları hesab edən vahabilərə daha çox rast gəlinirdi.
“Bir neçə ildir ölkədə qurşağa qədər uzanan saqqallı və balaqları bir neçə barmaq yuxarı şalvar geyinən vahabilərə rast gəlinmir”, – deyə yazıçı qeyd edib.
Onun sözlərinə görə, həmin dövrdə bu cərəyanın tərəfdarları məscidlərini ayırır, qəbiristanlıqlarda dəfn mərasimlərinin ənənəvi qaydada keçirilməsinə qarşı çıxır və müxtəlif vasitələrlə gəncləri öz sıralarına cəlb etməyə çalışırdılar.
Yazıçı vahabiliyin İbn Əbdülvahab və İbn Teymiyyənin dini görüşlərinə əsaslandığını, Quranın hərfi və zahiri mənasını önə çəkdiyini, təsəvvüf və ezoterik yanaşmaları qəbul etmədiyini bildirib.
Arzu Əsəd qeyd edib ki, bir müddət əvvəl vahabilərin zahiri görünüşlərinin onları asanlıqla fərqləndirdiyi və bu səbəbdən rəhbərlikdən saqqallarını qısaltmaq, şalvarlarının balaqlarını uzatmaq barədə göstəriş aldıqları ilə bağlı müxtəlif şayiələr yayılmışdı.
“Amma məsələnin məğzi heç də belə deyilmiş”, – deyə o vurğulayıb.
Yazıçının fikrincə, Səudiyyə Ərəbistanında son illərdə həyata keçirilən dəyişikliklər vahabiliyin cəmiyyətdəki təsirinin azalmasına səbəb olub. O, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın ölkədə köklü dini və sosial islahatlara başladığını, bunun nəticəsində dini sahədə daha mülayim yanaşmanın önə çıxdığını bildirib.
Arzu Əsəd hesab edir ki, sərt dini yanaşmalar Səudiyyə Ərəbistanının iqtisadi islahatlar aparmasına, turizmi inkişaf etdirməsinə və dünyaya daha geniş inteqrasiyasına maneə yaradırdı.
“Ərəb şeyxləri başa düşüblər ki, onsuz da İslamın mərkəzi, nüvəsi olan Kəbə evi o ölkədədirsə və Həcc adlı mərasim bu dinin əsas şərtlərindən biridirsə, Səudiyyənin bu qədər vəsait sərf edib digər ölkələrə bu sərt, zahirpərəst, inkişafa mane olan məzhəbi ixrac etməsinə heç bir lüzum yoxdur”, – deyə yazıçı yazıb.
O, həmçinin İranın da dini ideologiyanın ixracı siyasətindən imtina etməsinin region üçün müsbət nəticələr verə biləcəyini düşünür.
“İranın yeni rəhbərliyi də yəqin baş verən hadisələrdən, ölkənin girdiyi siyasi-iqtisadi dalanın çıxılmazlığından, Məhəmməd ibn Səlmanın islahatlarından nümunə götürər, özünəməxsus şiəlik ixracını dayandırar. Özü də dinc inkişaf yolunu tutar”, – Arzu Əsəd qeyd edib.
Yazıçı sonda məzhəblərin radikallığının azalmasını və İslamın fərdin mənəvi inkişafına yönəlməsini arzuladığını bildirib:
“İslam öz həqiqi məcrasına – fərdin mənəvi təkamülü məcrasına qayıdar. Zaman onu buna məcbur və məhkum edir”.
Elmar











