Yazıçı: “Cəmiyyətin qəhrəman kimi gördüyü şəxsləri qəfildən tənqid etmək xaos yaradır”

  • Müəllif: Orxan
  • 11 Avqust 2026 13:19

Son günlər Azərbaycanda tarixi şəxsiyyətlərin və hadisələrin yenidən müzakirəyə çıxarılması, tarixi revizionizm meylləri diqqət çəkir. Şah İsmayıl, Babək, Pişəvəri, Səttarxan və yaxın tarixdən Əbülfəz Elçibəy barədə müxtəlif yazı və videomaterialların yayılması cəmiyyətdə müzakirələrə səbəb olur.

Yazıçı Cəlil Cavanşir bu tendensiyanı dəyərləndirib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, tarixi və siyasi revizionizm adətən elmi zərurətdən, siyasi dəyişikliklərdən və cəmiyyətin dəyərlər sisteminin yenilənməsindən meydana çıxır:

“Faktiki olaraq elmi zərurət olduğunu düşünə bilmərik, çünki Azərbaycan elminin vəziyyəti hər kəsə məlumdur. Siyasi dəyişiklik müzakirəyə qapalıdır, bu barədə danışmaq gülünc olar. Amma cəmiyyətin dəyərlər sisteminin yenilənməsi barədə bir qədər baş sındıra bilərik”.

C.Cavanşir hesab edir ki, mövcud dəyərlər sisteminin təftişi yeni dəyərlər təklif edə bilməyən cəmiyyət üçün təhlükəli ola bilər.

“Cəmiyyətin illərdir qəhrəman kimi gördüyü şəxsləri qəfildən tənqid etmək xaos yaradır. Xüsusilə gənc nəsil araşdırmağa tənbəllik etdiyi üçün başını itirir”, – deyə o qeyd edib.

Yazıçı nümunə kimi Şah İsmayıl məsələsini göstərib.

Onun fikrincə, orta məktəb dərsliklərində illərdir Şah İsmayılın Azərbaycan dilini saray və dövlət dili elan etməsi barədə məlumatların verilməsi yeni polemikalarda ziddiyyətli təsəvvür yarada bilər:

“Dərslikdən bunu oxuyan yeniyetmə son polemikalarla rastlaşanda təbii olaraq çaşqınlıq yaşayacaq”.

Cavanşir sosial böhranlar zamanı cəmiyyətlərin “Biz kimik?” sualına cavab axtarmasının təbii proses olduğunu bildirib.

Onun sözlərinə görə, oxşar proseslər qonşu Türkiyədə də müşahidə olunur. Sultan II Əbdülhəmid, Mustafa Kamal Atatürk, Adnan Menderes və digər tarixi şəxsiyyətlər illərdir Türkiyədə təftiş və müzakirə edilir.

“Bu müzakirələrin sonu yoxdur. Xüsusilə işin içinə din, məzhəb, millət məsələsi qarışanda işin içindən çıxmaq mümkün görünmür”, – deyə Cavanşir yazıb.

O qeyd edib ki, bu cür müzakirələr müəyyən müddətdən sonra səngisə də, opponentlər sakitləşdikdən sonra yenidən gündəmə gəlir.

Cəlil Cavanşirin fikrincə, əsas məsələ hansı tarixi şəxsiyyətin müzakirə olunması deyil. Əsas sual sosial problemlərlə üz-üzə qalan, savad və təhsil problemləri yaşayan cəmiyyətdə bu polemikalara nə dərəcədə ehtiyac olmasıdır.

“Ümumiyyətlə, sosial problemlər içində boğulan, savadsız, cahil bir cəmiyyətdə bu polemikalara, müzakirələrə ehtiyac varmı?” – deyə o sual edib.

Elmar

Gununsesi.info