Azərbaycan öz tarixinin böyük zəfərlərlə başlayan yeni həyatına qədəm qoyur - Cavanşir Feyziyev

  • By ilhame
  • 11 Dekabr 2023 20:30

“2003-cü ildə İlham Əliyev ilk dəfə prezident seçkilərinə qatılanda ölkənin qarşısında bir- birindən çətin və ilk baxışdan həlli mümkün görünməyən çoxsaylı problemlər dururdu. Keçən illər ərzində ölkə başçısı dərindən düşünülmüş uğur strategiyası əsasında ardıcıl şəkildə bu problemlərin həllinə nail oldu. 80-ci illərin ortalarından başlamış iqtisadi tənəzzül dayandırıldı və ulu öndər Heydər Əliyevin neft strategiyası əsasında iqtisadi dirçəlişə nail olundu”.

 

Gununsesi.info xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

 

Onun sözlərinə görə, dövlət və ordu quruculuğunda çox mühüm uğurlar qazanılıb:

 

“İqtisadiyyatın şaxələndirilməsi əsasında ölkənin iqtisadi-maliyyə dayanıqlığı təmin edildi. Torpaqlarımız işğaldan azad edildi, məcburi köçkünlərin öz doğma torpaqlarına böyük qayıdışı başlandı. Bu ilin 20 sentyabr tarixində Azərbaycan bütün əraziləri üzərində özünün suverenlik hüquqlarını tam şəkildə bərqərar etdi. Bütün bunlar yeni tariximizin ən əlamətdar hadisələri kimi Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin sinergetik nəticələridir. Bununla da Prezident İlham Əliyev indiyə qədərki seçkilərdə xalqa bəyan etdiyi və öz üzərinə götürdüyü çətin və şərəfli tarixi missiyanı tam şəkildə və böyük zəfərlə yerinə yetirmiş oldu”.

 

“Bütün bunlardan sonra biz artıq yeni reallıqlar şəraitində tamamilə yeni bir ölkədə yaşayırıq. Azərbaycan öz tarixinin böyük zəfərlərlə başlayan yeni həyatına qədəm qoyur. Yeni dövrün qarşımıza qoyduğu vəzifələr və bu vəzifələrin həyata keçirilməsi üçün xalqa təqdim olunacaq strategiyalar da yeni olacaq. Prezident İlham Əliyevin növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncam imzalaması da məhz bununla bağlıdır. Yeni seçkilər ölkəmizdə başlanan yeni dövrün – sülh, abadlıq və quruculuq dövrünün başlanğıcını simvolizə edən mühüm siyasi hadisə olacaq. Vətənimiz və xalqımız üçün xeyirli və uğurlu olmasını arzulayıram”,- deyə o əlavə edib.

Gununsesi.info