Azərbaycan-Qırğızıstan müttəfiqliyi: Bişkek səfərinin strateji gündəliyi

“Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğızıstana işgüzar səfəri Azərbaycanın Mərkəzi Asiya siyasətinin ardıcıl və məqsədyönlü xarakterini bir daha nümayiş etdirir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkəmizin regional proseslərdə iştirak imkanlarını genişləndirməklə yanaşı, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin yeni məzmun qazanmasına da xidmət edir”.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Azər Niftiyev deyib:

“Ancaq Bişkek səfərinin əsl siyasi mənasını yalnız ŞƏT platforması ilə məhdudlaşdırmaq olmaz. Bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin son illərdə keçdiyi sürətli və məzmunlu inkişafın fonunda xüsusi əhəmiyyət daşıyır. Çünki iki ölkə arasında münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə adlayıb və konkret siyasi qərarlar, qarşılıqlı layihələr və real həmrəylik üzərində qurulan müttəfiqlik səviyyəsinə yüksəlib.

Son illərin diplomatik xronologiyası bu dəyişikliyin miqyasını aydın göstərir. Prezident İlham Əliyevin Qırğızıstana iki dövlət və dörd işgüzar səfəri, Prezident Sadır Caparovun Azərbaycana bir rəsmi, bir dövlət və altı işgüzar səfəri bunun bariz nümunəsidir. Liderlərin intensiv dialoqu siyasi yaxınlığın həm səbəbi, həm də nəticəsidir. Bu sıx təmasların arxasında artıq formalaşmış qarşılıqlı etimad və ortaq maraqlar dayanır.

Ümumilikdə 119 sənədin imzalanması isə əlaqələrin işlək mexanizmlərini nümayiş etdirir. 2022-ci ilin aprelində Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum münasibətlərin institusional təməlini möhkəmləndirdi. 2026-cı ilin iyulunda Çolpon-Atada imzalanmış Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə və eyni gün Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarının qəbul edilməsi siyasi dialoqun davamlı mexanizmə çevrildiyini göstərdi.

Siyasi və diplomatik müttəfiqlik öz praktiki təsdiqini iqtisadi-ticari əməkdaşlığın reallıqlarında tapır. Son illərdə qarşılıqlı ticarət dövriyyəsinin dəfələrlə artması ilə yanaşı, nizamnamə kapitalı 100 milyon dollar təşkil edən Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun fəaliyyətə başlaması iqtisadi inteqrasiyanın aparıcı drayverinə çevrilib.  Sənaye, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrində birgə layihələrin maliyyələşdirilməsi tərəfdaşlığın real kapitala və dayanıqlı inkişafa söykəndiyini ortaya qoyur.

Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika inteqrasiyası isə hər iki ölkənin geoiqtisadi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Bu yaxınlaşmanın ən mühüm xüsusiyyəti isə onun yalnız dövlət başçıları səviyyəsində qalmamasıdır. Bişkekdə Azərbaycanın maliyyə dəstəyi ilə yaradılmış Qırğız-Azərbaycan Dostluq Parkı iki xalqın münasibətlərinin şəhər məkanında rəmzləşən ifadəsidir. Prezident İlham Əliyevin 2022-ci ilin oktyabrında parkın açılışında iştirakı bu münasibətlərin humanitar ölçüsünə verilən əhəmiyyətin göstəricisidir. Həmin tarixdə Nizami Gəncəvi adına 103 nömrəli orta məktəbin və Heydər Əliyev adına 20 nömrəli gimnaziya kompleksinin açılışında iştirak isə dostluğun gələcək nəsillərə ötürülməsi baxımından xüsusi məna daşıyır. Azərbaycanın özündə də qardaş ölkənin mənəvi irsinə münasibət eyni qarşılıqlılıqla ifadə olunur. Bakıdakı 133 nömrəli orta məktəbə Çingiz Aytmatovun adının verilməsi, Binəqədi rayonundakı parkların birində böyük qırğız yazıçısının abidəsinin ucaldılması iki xalqın münasibətlərində mədəni yaddaşın oynadığı rolu göstərir”.

Azər Niftiyev vurğulayıb ki, Bakı ilə Bişkek, Göyçay ilə Kant arasında qardaş şəhər əlaqələrinin yaradılması isə dövlətlərarası yaxınlığın cəmiyyətlərarası təmasa çevrildiyinin ifadəsidir:

“Bu qarşılıqlı münasibətin ən güclü nümunələrindən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına Qırğızıstanın verdiyi dəstəkdir. Ağdamın Xıdırlı kəndində Qırğızıstan hökumətinin maliyyə dəstəyi ilə 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəbin tikilməsi siyasi həmrəyliyin konkret əmələ çevrilməsidir.

Dostluğun həqiqi dəyəri də məhz belə məqamlarda üzə çıxır: tərəfdaşlıq söz olaraq deyil, ehtiyac duyulan anda göstərilən dəstək kimi özünü təsdiqləyir. Əlaqələrin coğrafiyasını genişləndirən mühüm amil isə birbaşa nəqliyyat imkanlarıdır. AZAL-ın Bakı-Bişkek-Bakı marşrutu üzrə həftədə dörd planlı uçuş, Bakı-İssık-Kul-Bakı istiqamətində isə həftədə bir uçuş həyata keçirməsi iki ölkə arasında insan, biznes və turizm əlaqələrinin inkişafına real imkan yaradır. Paytaxtları və insanları bir-birinə daha yakın edən bu bağlantılar siyasi münasibətlərin gündəlik həyata toxunan praktiki tərəfidir.

Bu mənzərəyə bütövlükdə baxdıqda bir nəticə aydın görünür: Azərbaycan-Qırğızıstan münasibətləri artıq sadəcə tarix, dil və mədəni yaxınlıq üzərində dayanan qardaşlıq münasibətləri deyil. Bu qardaşlıq siyasi etimadla möhkəmlənib, institusional mexanizmlərlə təmin olunub, iqtisadi mexanizmlərlə dəstəklənib və konkret layihələrlə məzmun qazanıb. Bişkekə bugünkü səfər də məhz bu mənzərənin yeni səhifəsidir. ŞƏT çərçivəsində tərəfdaşlıq Azərbaycanın Mərkəzi Asiyada fəal və konstruktiv siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Qırğızıstanla münasibətlər isə həmin siyasətin ən canlı nümunələrindən biri kimi artıq özünün strateji müttəfiqlik mərhələsinə daxil olub. Qarşıdakı dövrdə əldə edilmiş siyasi nəticələrin daha da möhkəmlənəcəyi, onun siyasi, iqtisadi, humanitar və sosial əlaqələrdə daha böyük nəticələrə çevriləcəyi şübhə doğurmur. Çünki möhkəm müttəfiqlik imzalanmış sənədlərlə başlayır, amma öz həqiqi gücünü xalqların həyatında görünən nəticələrlə göstərir”.

 

 

Günay

Gununsesi.info