“Şuşa və ətrafı ümumilikdə tarixi mədəniyyətimizin simvoludur”

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 14:00

“Kampaniyaçılığın heç zaman tərəfdarı olmamışam. Amma turistlərin Şuşada tarixi abidələrə ziyan vurmaq cəhdi qəbul olunmazdır”.

Gununsesi.info xəbər verir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“Şuşa və ətrafı ümumilikdə tarixi mədəniyyətimizin simvoludur. Belə maddi və mənəvi resurslar qorunmaqla bərabər, tariximizin, zəngin keçmişimizin yaddaşı kimi turistlərə təqdim olunmalıdır. Ümumiyyətlə, həm yerli, həm də xarici turistlərlə bağlı maarifləndirici tədbirlərin sayı və keyfiyyəti artmalıdır. Görünür bu sahədə ciddi problemlər var.

Müxtəlif vaxtlarda müxtəlif məkanlara, gözəl meşə massivlərinə səfər edən bir çox insanlar özlərindən sonra həmin əraziləri çirkli hala salırlar. Çirkli hal daha yumşaq ifadədir”.

Əkrəm Bəydəmirli hesab edir ki, istər ətraf aləmə, istərsə də tarixi abidələrə qarşı məsuliyyətsiz yanaşıb ziyan vuran şəxslər barəsində sərt qanuni tələblər olmalıdır:

“Qaldıki şəhidlərimiz hər birimiz üçün əzizdir. Onların qəhrəmanlığı, döyüş yolu cəmiyyətə, yetişməkdə olan nəsillərə tanıdılmalıdır. Bu yolda yalnız potensialı olan şəxslər sözünü deməlidir. Yəni naşılıq, savadsız yanaşma təbliğat işlərinə ziyan vurar. Nəhayət şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün peşəkar səviyyədə sənədli filmlərin çəkilişi, kitabların yazılışı, tədbirlərin təşkili artmalıdır”.

 

 

Günay

Gununsesi.info