Ərdoğan siyasi mühacirləri ona verməyən ABŞ-ı və Avropanı ittiham etməkdə haqlıdırmı? - ANAR MƏMMƏDLİ DEYİR Kİ...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Ombudsmanlar konfransında çıxışı zamanı siyasi mühacirlərə sığınacaq verən ölkələri tənqid edib.

Ərdoğan konkret olaraq, ABŞ və Avropa İttifaqı ölkələrini hədəf seçərək, onları  cinayətkarları himayə etməkdə günahlandırıb.

 

BUNA DA BAX:

Ərdoğan siyasi mühacirlərə sığınacaq verən ölkələri tənqid edib

 

Siyasi şərhçi Anar Məmmədli Gununsesi.info-ya açıqlamasında Türkiyə Prezidentinin bəyanatının  reallıqlara söykənmədiyini deyib: “Mühacirət Ərdoğana qədər də olubvə bu gün də var. Amma etiraf olunmalıdır ki, Türkiyədən gedən mühacirlərin sayı son vaxtlar çoxalıb. Bu gün ölkədən qaçanların sayı durmadan artır. Bunların arasında tanınmış insanlar da var. Söhbət jurnalistlərdən, ədəbiyyat adamlarından, müəyyən siyasi fəallardan gedir.  Aralarında ümumiyyətlə siyasi fəalı olmayan sadəcə, FETÖ olaylarında ittiham olunan şəxləslər də var. 

Türkiyədən xaricə qaçan insanlar siyasi motivlərlə olduğu üçün, əsaslandıra bilirlər. Misal üçün, Can Dündara nəyə görə sığınacaq verilməməlidir?  Can Dündar hal-hazırda Almaniyada mühafizəçilərlə gəzir. Vaxtı ilə Türkiyədə həbs olunub və həbsdən çıxdıqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalıb.  Osman Kavaladan bəhs edim. Osman Kavala hələ də həbsdədir. Avropa İnsan Haqları Məhkəməsinin onunla bağlı qərarı var. Bu qərar icra olunmur.  Osman Kavala kimi vətəndaş cəmiyyəti sektorunda olan və Gezi olayları ilə ittiham olunan başqa şəxslər də var ki, ölkədən qaçmağa məcbur oldular. Almaniya, Fransa və yaxud da Amerika kimi ölkələr bu insanları necə geri qaytarsınlar. Bu mümkün deyil”.

Anar Məmmədli deyir ki, Ərdoğan ABŞ-ı tənqid edərkən Fetullah Gülendən bəhs edir: “Fetullah Gülenle bağlı ittihamları və orda adıçəkilən məsələlərlə bağlı dəfələrlə ABŞ-dan prokurorluq orqanlarından hansı ağır cinayətlərdə ittiham olunduğunu istəyiblər. Məncə o məsələdə Amerika hökuməti ilə Türkiyə hökuməti arasında bir razılıq əldə olunmayıb. Çünki, Türkiyənin hüquq- mühafizə orqanları  yetərli dəlillər gətirə bilməyiblər. Bütün bunlar hamısı Türkiyədə son illər siyasi repressiyaların çox ciddi şəkildə  artmasından gedir. Söhbət təkcə Fetullah Gülenden getmir, başqa xeyli sayda insanlar da var ki, ittiham olunurlar və ölkədən qaçmağa məcbur olurlar.

Deyək ki, Fetullah Gülen və onun yaratdığı təşkilatla bağlı hansısa cəmiyyətə inandırıcı bir rəy var. Amma o şəxslər  jurnalistika ilə məşğul olublar və Can Dündar, Osman Kavala kimi adamlar var. Hər kəs bilir ki, bu şəxslər jurnalistika və ictimai fəaliyyətlə məşğul olublar və dini qruplarla heç bir əlaqələri olmayıb”.

Anar Məmmədli Türkiyədə insan hüquqlarının durumunu dəyərləndirmək  üçün Avropa İnsan Hüquqları Məhkəməsinə edilən şikayətlərin statistikasına diqqət yetirməyi vacib sayır:  “Türkiyə Avropa İnsan Haqları Məhkəməsində şikayət sayına görə ilk yerdədir.  Xüsusuilə, Türkiyə ilə bağlı ən ciddi həyəcan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra olunmaması ilə bağlıdır. Həm Selahettin Demirtaş, həm Osman Kavala ilə bağlı belə qərarlar var və bu istər istəməz Tükiyəni Avropa Şürası ölkələr arasında hədəfə çevirir. Bu vəziyyətin, situasiyanın yaranmasında birmənali şəkildə məsuliyyət daşıyan Ərdoğan hökumətidir. Belə siyasi mühitə, təqiblərə, replessiyalara görə təbii ki, tənqidlərə məruz qalacaq”.

 

Mətləb Yaqublu

Gununsesi.info