Demokratik dəyərlərlə bağlı siyasi partiyalar “partiya” adı altında fəaliyyətini dayandırmalıdır - ANAR MƏMMƏDLİ

  • By admin
  • 07 Mart 2023 09:53

“Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi gözlənildiyi kimi əksər siyasi partiyaların fəaliyyətini sual altına qoyub.

Artıq REAL Partiyasının lideri İlqar Məmmədov bəyanat yayaraq, tələb olunan 5 min üzvü toplaya bilməyəckləri təqdirdə təşkilatı buraxacaqlarını deyib.

Siyasi şərhçi Anar Məmmədli Gununsesi.info-ya açıqlamasında bildirib ki, siyasi partiyalarla bağlı yeni qanun həqiqətən də vətəndaşların dövlət idarəçiliyində kollektiv şəkildə siyasi iştirakına, siyasi hakimiyyət uğrunda təşkilatlanmaya və nəhayət siyasi partiyaların bir institut kimi mövcudluğuna zərbə vurur: “Ancaq bu qanundan öncə də siyasi partiyaların idarəçilikdə iştirakına, seçkilərdə və seçkilər rası dövrdə fəaliyyətinə qadağalar vardı. Qanun sadəcə bu qadağaları leqallaşdırdı”.

Ekspert çıxış yolu kimi təklif edir ki, ölkə vətəndaşlarının siyasi maraqlarını ifadə edən və təmsil edən qrupların yaradılması və ya fəaliyyətini davam etdirməsi mövcud qanunvericliyə inteqrasiya edilmədən aparıla bilər: “Çünki demokratik cəmiyyət və ümumi mənafe naminə yarandığını elan siyasi partiyaların özlərini bu qanunun mürtəce müddəalarına uyğunlaşdırmasına ehtiyac yoxdur. Əksinə qanunun demokratik dünyanın, o cümlədən Avropa Şurasının standartlarına uyğunlaşmasına ehtiyac var. Nə qədər ki, bu qanun Avropa standartlarına uyğunlaşmayıb özünü demokratik dəyərlərlə bağlı hesab edən siyasi partiyalar “partiya” adı altında fəaliyyətlərini dayandırdıqlarını elan edə bilərlər”.

 

Mais

Gununsesi.info