Yeni ilin gəlişinə artıq sayılı günlər qalıb. Bayram öncəsi günlərdə meyvə-tərəvəz və çərəz bazarında ümumi bahalaşma müşahidə olunur. Məlumata görə, hazırda məhsullar həm paytaxtda, eləcə də rayonlarda əvvəlki aylara nisbətən xeyli bahalaşıb. Mövcud bahalaşmanın səbəbi nədir?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bayram ərəfəsində mal və xidmətlərin qiymətlərinin artmasına həm fundamental, həm də subyektiv amillər, eləcə də 2025-ci ilə xas yeni iqtisadi şərtlər təsir göstərir.
Onun sözlərinə görə, ilk növbədə qısa müddət ərzində tələbin kəskin artması təchizat zəncirində gecikmələrə səbəb olur.
“Bu isə məhsul qıtlığını və tələb olunan malların bazara çıxarılmasında müəyyən məhdudiyyətləri qaçılmaz edir. Bundan əlavə, sahibkarlar bayram dövrü üçün əlavə mal ehtiyatı yaratmaq məqsədilə əlavə vəsait cəlb etməyə məcbur qalırlar. Bəziləri kreditlər götürür, kiçik sahibkarlar isə hətta sələmə müraciət edirlər. Nəticədə bu xərclər məhsulun maya dəyərinə birbaşa təsir edir. 2025-ci ildə xərclərin artması qiymətləri yüksəldən əsas faktorlar sırasındadır. Nəqliyyat xərclərinin bahalaşması, əməkhaqqının artması və digər istehsal xərcləri satış qiymətlərinə təzyiq yaradır. Digər tərəfdən, quraqlığın artması nəticəsində məhsuldarlığın zəifləməsi bazarda təklifin azalmasına, təklif şərtlərinin ağırlaşmasına səbəb olur”.
R.Həsənov vurğulayıb ki, rəqabətin zəif olduğu sahələrdə qiymət artımı daha kəskin olur. Bayram ərəfəsində tələbin yüksəldiyi bəzi spesifik məhsullar pərakəndə müəssisələr tərəfindən geri qaytarılma şərti olmadan alınır: “Satılmayan malların bir il ərzində saxlanılması zərurəti yaranır ki, bu da sahibkarların vəsaitinin dövriyyədən çıxmasına səbəb olur. Bu riski kompensasiya etmək üçün bəzi satıcılar qiymətləri daha yüksək müəyyən edirlər. Üstəlik, məhsulun tam satılacağına dair heç bir zəmanət yoxdur”.
İqtisadçı əlavə edib ki, 2025-ci ildə inflyasiyanın yüksək proqnozlaşdırılması da qiymət artımını şərtləndirən mühüm amillərdən biridir.
Ayşən








