ABŞ və İran Hörmüz boğazı və nüvə məsələsində razılığa gəlib - Politoloq

  • Müəllif: Orxan
  • 09 Aprel 2026 12:33

Donald Tramp “Truth Social” platformasında paylaşımında bildirib ki, Vaşinqton və Tehran nüvə proqramı və Hörmüz boğazı ilə bağlı məsələlərdə razılığa gəlib.

Onun sözlərinə görə, razılaşmaya əsasən İran nüvə silahı əldə etməyəcək, boğaz isə açıq və təhlükəsiz qalacaq.

Tramp qeyd edib ki, bu məsələlər əvvəlcədən razılaşdırılıb və ABŞ qüvvələri hazırda resurslarını bərpa edir.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan politoloq Turan Rzayev bildirib ki, belə bir yanaşma beynəlxalq hüquqa ziddir:

“BMT çərçivəsində qəbul edilmiş Dəniz Hüququ Konvensiyasına (UNCLOS) görə, beynəlxalq boğazlarda “tranzit keçid” prinsipi tətbiq olunur və sahilyanı dövlətlər bu keçidi məhdudlaşdıra və ya ödəniş tətbiq edə bilməz”,- deyə o bildirib.

Siyasi şərhçi eyni zamanda deyib:

“Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada mümkün məhdudiyyətlər beynəlxalq gəmiçilik və enerji bazarlarına ciddi təsir göstərə bilər”.

Orxan

Gununsesi.info