Oyuncaqlardakı gizli təhlükə: Kimyəvi Yanıq Riski

  • Müəllif: Firuzə
  • 05 Oktyabr 2026 13:01

Uşaqların incə motor bacarıqlarının inkişafı və sensor inteqrasiyası üçün istifadə olunan stress topları, slaymlar və sukuşilər nəzarətsiz istehsal edildikdə ciddi sağlamlıq riskləri yarada bilər.

Gununsesi.info xəbər verir ki, bu cür oyuncaqların tərkibində istifadə olunan keyfiyyətsiz plastifikatorlar, ftalatlar, qoruyucu maddələr və yüksək konsentrasiyalı bor birləşmələri uşaqların dərisi ilə birbaşa təmasda olduqda kimyəvi yanıqlara səbəb ola bilər.

Mütəxəssislər xüsusilə oyuncaqların partlaması və ya zədələnməsi zamanı kimyəvi maddələrin dəriyə təmas etməsinin ciddi yanıq xəsarətləri ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edirlər.

Valideynlərə oyuncaq alarkən qablaşdırmadakı təhlükəsizlik göstəricilərinə diqqət yetirmək tövsiyə olunur. Buraya CE işarəsi, EN 71-3 standartına uyğunluq, həmçinin BPA Free və Phthalate Free kimi göstəricilər daxildir.

Bundan başqa, məhsulun üzərində “Non-Toxic” (zəhərli maddə tərkib etmir) qeydinin, eləcə də istehsalçı və ya idxalçının açıq ünvanının göstərilməsi vacib hesab olunur.

Valideynlərə uşaqlar üçün oyuncaq seçərkən məhsulun mənşəyini, tərkibini və təhlükəsizlik sertifikatlarını diqqətlə yoxlamaq tövsiyə edilir.

Firuzə Mahmudova
Gununsesi.info