Vətəndaşın kartından çıxılan 226 manat geri qaytarılmayıb

Vətəndaş Bravo marketdə kartından pulun səhv çıxarılmasından şikayətçidir.

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:

“Oktyabrın 2-də Bakı şəhərində, Gənclik Mall-da yerləşən Bravo marketdə alış-veriş edərkən kartla ödəniş etmək istədim. Kassir nə qədər cəhd etsə də, kartımdan pul çıxara bilmədiyini və balansın yetərsiz olduğunu bildirdi. Kassada problem ola biləcəyini də dedi. Mən isə kartımda kifayət qədər vəsait olduğunu bildirdim.

Kassir mənə marketdəki bankomatdan pul çıxararaq nağd ödəniş etməyi təklif etdi. Bankomatdan pul çıxararkən kartımda 200 manat vəsait olduğunu gördüm. Halbuki hesabımda 400 manatdan çox pul olmalı idi. Çaşqın vəziyyətdə 100 manat çıxardım və səbətdəki ərzaqlardan ən vacib olanlarını seçərək başqa kassada nağd şəkildə ödədim.

Daha sonra marketdən uzaqlaşdıqdan sonra taksi çağırdım. Taksi sürücüsünün internetinə qoşularaq Birbank tətbiqində hesabımı yoxladım. Gördüm ki, marketdə 226 manat məbləğində ödəniş çıxılıb. Təxminən 2 dəqiqə sonra yenidən 226 manat çıxıldığını gördüm. Daha sonra 90 manatlıq əməliyyatın imtina edildiyi görünürdü. İkinci dəfə çıxılan 226 manat 1 dəqiqə sonra karta geri qayıtdı. Lakin ilk çıxılan 226 manat hesabıma qaytarılmayıb.

Bununla bağlı dərhal Kapital Banka zəng edərək məlumat verdim. Həmçinin həmin marketin çağrı mərkəzinə də müraciət etdim. Operator belə halın bir neçə müştərinin də başına gəldiyini bildirdi və şikayətimi bildirmək üçün mənə bir telefon nömrəsi verdi. Tətbiqdə görünən ödənişlərin və qəbzlərin şəkillərini həmin nömrəyə göndərməyim istənildi. Mən şəkilləri, hətta tətbiqdəki ödənişləri video şəklində də çəkib göndərdim.

Artıq 3 gündür cavab gözləyirəm. Şənbə və bazar günləri olduğu üçün ilk iş günü yenidən zəng edəcəyəm. Bundan əlavə, hüquqi baxımdan nə edə biləcəyimi bilmək istəyirəm. Bu məsələ ilə bağlı anlayışı olan şəxslərdən xahiş edirəm, mənə məsləhət versinlər.

Qeyd edim ki, son olaraq 100 manat nağd ödədiyim alış-verişin qəbzi də verilmədi, ƏDV də hesablanmadı”.

 

Günay

Gununsesi.info