Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Olimpiya İdman Komplekslərində (OİK) aparılan audit ciddi nöqsanları üzə çıxarıb.
Gununsesi.info 2022–2025-ci illəri əhatə edən audit 15 milyon manatlıq vəsaiti əhatə edib.
Araşdırma nəticəsində məlum olub ki, OİK-lərin fəaliyyəti hüquqi və strateji baxımdan kifayət qədər tənzimlənmir. Komplekslərin statusu, idarə olunması və istifadəsi ilə bağlı vahid hüquqi baza və uzunmüddətli inkişaf planları mövcud deyil.
Baxmayaraq ki, ölkədə idman infrastrukturu genişlənir, idmanla məşğul olanların sayında azalma qeydə alınıb.
Eyni zamanda, xidmət tarifləri əsaslandırılmış şəkildə müəyyənləşdirilməyib, qiymətlər əsasən aşağı saxlanılaraq gəlirlərin xərcləri qarşılamasına imkan verməyib. OİK-lərin gəlirlərinin böyük hissəsi subsidiyalardan asılı qalıb.
Audit göstərib ki, xərclər və gəlirlər düzgün planlaşdırılmır, bəzi idman növləri üzrə xərclər əldə olunan gəliri üstələyir. İcarə münasibətlərində də səmərəsizlik müşahidə olunub. Bəzi hallarda icarə haqqı alınmayıb, əvəzində kommunal xərclər komplekslər tərəfindən ödənilib.
Otel xidmətləri üzrə əməkdaşlıq da qeyri-effektiv təşkil edilib, bəzi müqavilələr nəticəsində komplekslərin gəlirləri azalıb. Həmçinin tədbirlərin düzgün planlaşdırılmaması və infrastruktur problemləri mövcud potensialdan tam istifadə edilməsinə mane olub.
Maliyyə intizamı sahəsində də ciddi çatışmazlıqlar aşkarlanıb. Əksər OİK-lər maliyyə hesabatları tərtib etməyib, gəlirlər bəzi hallarda nağd və uçotdan kənar toplanıb. Vergi öhdəliklərinin düzgün yerinə yetirilməməsi də qeydə alınıb.
Audit inklüzivlik sahəsində də problemləri üzə çıxarıb. Qadınlar və əlilliyi olan şəxslər üçün şərait məhdud olaraq qalır.
Nəticələr Kollegiyada müzakirə olunub və nöqsanların aradan qaldırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, aşkar edilmiş pozuntularla bağlı məlumatlar digər aidiyyəti dövlət qurumlarına təqdim olunub.












