Şeyx Əbdül açıqlama verərək məni məhkəməyə verəcəyini bildirib.
Buna səbəb isə Oqtay Mirqasımov haqqında yazdıqlarımı əsas gətirir. Ancaq mən təklif edərdim, elə özü haqqında yazdığım yazını da əlində rəhbər tutsun. Çünki mən təkcə Oqtay Mirqasımovu yox, elə Şeyx Əbdülün özü də istedadsız hesab edirəm.
Dediyinə görə, guya mən Oqtay Mirqasımovu təhqir eləmişəm, üstəlik, bütün bunlarda Kinematoqrafçılar İttifaqının sifarişi əsasındadır.
Şeyx Əbdül verdiyi bir dəqiqəlik açıqlamada özü məhkəmə predmeti yaradıb. Üstəlik, yeddi arxa dönən sözü ilə açıq-aşkar təhqirə yol verir.
Əvvəla, gənc yazıçının bir tənqidinə, yumoruna, ironiyasına dözə bilməməyi, üstəlik, şər atmağı hər şeydən əvvəl onun ağsaqqal yaşına yaraşdırmıram.
Təklif edərdim ki, açıqlamada dediyi sözü də məhkəmədə sübut etsin. Əks halda, şərəf və ləyaqətimi alçaltmış olur, böhtan xarakterli fikirlər bildirir.
Hələlik mənim onunla bağlı məhkəməyə müraciət etmək niyyətim yoxdur. Çünki təhqir olmayan bir fikrə görə sənət adamının belə addım atması yaxşı hal deyil. Yox, yaşlı nəsil gəncliyi susdurmaq niyyətindədirsə, tarana qədər yolumuz var.
İndi sadəcə təəssüflənirəm. Az-çox, pis-yaxşı sənətdə bir yerə çatmış yaşlılar birləşərək bir gənci qanunla susdurmağa çalışır. Özü də, qanunu pozmayan bir gənci.
Görünür, nəsillərin savaşı heç vaxt bitməyəcək.
Orxan Saffari












