“Azərbaycan-İslam İnkişaf Bankı tərəfdaşlığında yeni mərhələ başlayır” - Mikayıl Cabbarov

Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları Azərbaycan və Bank arasında tərəfdaşlığın daha da genişləndirilməsi baxımından mühüm platforma olub”.

Gununsesi.info  xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Bakı bu toplantılara ikinci dəfə ev sahibliyi etmək şərəfinə nail olub. Onun sözlərinə görə, “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusu altında keçirilən toplantılar məhsuldar və gələcəyə yönəlik müzakirələrlə yadda qalıb.

Mikayıl Cabbarov İllik Toplantıların, Özəl Sektor Forumunun, eləcə də digər mühüm tədbir və sessiyaların yüksək səviyyədə hazırlanmasına görə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cassərə və onun komandasına təşəkkürünü bildirib.

Nazir həmçinin Məhəmməd Süleyman Əl-Cassəri İslam İnkişaf Bankının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib, onun Bankın fəaliyyətinə və Azərbaycanla tərəfdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.

Gununsesi.info