“Vahid pəncərə” dövrü: “Regionlara diqqəti artırmalıyıq”-QHT sədri

Azərbaycanda qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə təmin olunması sahəsində yeni mərhələ başlanır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, dövlət qurumları tərəfindən ayrılan vəsaitlərin “bir pəncərə” prinsipi ilə bölüşdürülməsini nəzərdə tutan yeni mexanizm artıq qüvvəyə minib.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar bu sahədə vahid əlaqələndirmə sisteminin formalaşdırılmasını, açıq və səmərəli idarəçiliyin gücləndirilməsini, eləcə də dövlətin başlıca istiqamətlərinə uyğun təşəbbüslərin daha məqsədli şəkildə dəstəklənməsini nəzərdə tutur. Yeni yanaşmaya əsasən, ayrılan qrantların həcmi artırılıb, layihələrin dəyərləndirilməsi meyarları təkmilləşdirilib, həmçinin dövlət qurumları ilə vətəndaş cəmiyyəti təsisatları arasında əməkdaşlığın yeni qaydaları müəyyən edilib. 

Gununsesi.info -ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, dövlət büdcəsindən maliyyələşdirilən və qeyri-hökumət təşkilatlarına qrant, dövlət sifarişi, subsidiya və digər maliyyə dəstəyi göstərən qurumlar tərəfindən həyata keçirilən maliyyələşdirmə prosesinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsi QHT-lərin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılmış mühüm addımdır.

Yeni mexanizmin tətbiqində əsas məqsədin maliyyələşdirmə prosesində şəffaflığın və hesabatlılığın artırılması olduğunu vurğulayan QHT sədri bildirib ki, vahid elektron bazanın yaradılması maliyyələşdirmə prosesinin daha səmərəli təşkilinə kömək edəcək.

Onun sözlərinə görə, kiçik qrantların məbləğinin artırılması da müsbət addımdır:

“Bu, QHT-lərin fəaliyyət imkanlarını daha da genişləndirəcək və onların fəaliyyətinə stimul verəcək, daha böyük və faydalı təşəbbüslərlə çıxış etmələrinə şərait yaradacaq”. 

QHT sədri hesab edir ki, maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ sayıla bilər.

“Qrantlara hamının bərabər şəkildə əlçatanlılığının təmin olunması çoxdan aruzolunan proses idi. Artıq bu prosesdə monopoliyaya, ədalətsizliyə yer olmayacaq. İstənilən QHT əgər faydalı, məzmunlu və keyfiyyətli layihəsi varsa, onu həyata keçirməyə dəstək tapacaq. QHT sektorunda təsadüfi insanların, qruplaşma yaradanların dövrü bitir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin daha müasir və səmərəli əsaslar üzərində qurulmasına hesablanmış islahatları real nəticələr verməyə başlayıb”-deyə, o, bildirib.

Cəfərlinin sözlərinə görə, “bir pəncərə” mexanizmi vətəndaş cəmiyyəti institutlarının da məsuliyyətini artırır. 

“Bundan sonra daha keyfiyyətli və praktik layihələr təqdim olunmalı, ucqar bölgələrdə maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Sosial qruplarla daha sıx əməkdaşlığın qurulması, birbaşa təmasların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. QHT-lər tədbirlərini Bakı və Sumqayıtla məhdudlaşdırmamalı,  regionlara diqqəti artırmalıdır. Qeyri-hökumət təşkilatları artıq peşəkar və institusional əsaslarla fəaliyyət göstərməli, yalnız qrant layihələri dövründə aktivləşən mövsümi qurumlar kimi deyil, ilboyu cəmiyyətin ehtiyaclarına cavab verən, davamlı fəaliyyət göstərən təsisatlara çevrilməlidirlər”,-deyə QHT sədri fikirlərini yekunlaşdırıb.

 

Şəbnəm Rəhimova

Gununsesi.info