“İyulun 3-də Balakən şəhərində Ədliyyə naziri Cənab Fərid Əhmədov vətəndaşları qəbul etdi və biz də həmin görüşdə iştirak etdik. Bu şəraiti yaratdığına görə nazirliyin əməkdaşıarına və şəxsən Fərid müəllimə dərin minnətdarlığımı bildirirəm”.
Bunu Gununsesi.info-ya açıqlamasında “İnter MMC” rəhbəri Qabil Əliyevdən pulunu ödədiyi 2 mənzilini ala bilməyən Könül Adıgözəlova bildirib.
O, qeyd edib ki, Ədliyyə naziri ilə görüşdən böyük ümidlə ayrılıb:
“Cənab Fərid Əhmədov həyat yoldaşımı və məni qəbul etdi, diqqətlə dinlədi, problemin qanunverciliyin tələbi üzrə həll olunması barədə əməkdaşlarına tapşırıq verdi. Onu da qeyd edim ki, qəbulda iştirak edən bütün vətəndaşların probblemləri nazir tərəfindən eyni həssaslıqla qarşılandı, bəzi məsələlər yerindəcə həll olundu, digərlərinin araşdırılaraq həllini tapması barədə göstəriş verildi. Digərləri kimi biz də göstərilən yüksək diqqətdən olduqca məmnun qaldıq, ümid edirik ki, mənzillərimizin verilməsinə dair məhkəmə qərarları icra olunacaq”.
Könül Adıgözəlova xatırladıb ki, “İnter” MMC-nin direktoru Qabil Əliyevlə onun arasında 19 aprel 2019-cu il tarixində bağlanmış müqavilələrə əsasən, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən binada iki mənzil satılıb:
“C” blokunun 22-ci mərtəbəsində yerləşən 195 kvadratmetr sahəsi olan 136 saylı mənzil, 23-cü mərtəbədə yerləşən 80 kvadratmetr sahəsi olan 137 saylı mənzil.
Onun sözlərinə görə, hər iki mənzilin dəyəri tam ödənilib və bunu təsdiq edən rəsmi maliyyə arayışı da “İnter” MMC tərəfindən təqdim olunub. Lakin buna baxmayaraq, tikinti şirkətinin rəhbəri Qabil Əliyev mənzilləri təhvil verməkdən yayınıb.
Qeyd edək ki, G.Adıgözəlova hüquqları pozulduğu üçün vətəndaş məhkəməyə müraciət edib. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli, 2(011)-3790/2022 saylı qətnaməsi ilə “İnter” MMC-nin sözügedən mənzilləri vətəndaşa təhvil verməsi, habelə həmin mənzillərə dair sahiblik və istifadə hüquqlarına hər hansı maneə yaratmasının qadağan edilməsi qərara alınıb. Bu məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb. Lakin bütün instansiyaların qərarlarına baxmayaraq, “İnter” MMC-nin sahibi Qabil Əliyev məhkəmə qətnamələrini icra etməkdən yayınır.
Elmar











