Sertifikasiyadan keçə bilməyən müəllimlər başqa sahələrdə işləyə bilərlər -TƏHSİL EKSPERTİ

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması prosesi başa çatıb. Nəticədə 9 min müəllim sertifikatlaşdırmadan keçə bilmədiyi üçün əmək fəaliyyətini dayandırmalı olacaq.

Ölkədə əmək bazarının məhdud olduğunu nəzərə alsaq, həmin şəxslərin böyük hissəsinin dövlət və ya özəl sektorda yeni iş tapması asan görünmür. Bu isə işsizlərin sırasına minlərlə ali təhsilli vətəndaşın qoşulacağı anlamına gəlir.

Bəs sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər üçün hər hansı dəstək proqramı nəzərdə tutulub?

Onların gələcək məşğulluğu necə təmin ediləcək?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, sertifikatlaşdırmadan keçə bilməyən şəxslər artıq dövlət ümumi təhsil müəssisələrində müəllim kimi çalışa bilməyəcəklər:

“Bununla belə, onların başqa sahələrdə işləmək imkanı qalır. Onlar özəl təhsil ocaqlarında və ya digər sahələrdə əmək fəaliyyətini davam etdirə bilərlər.

Elm və Təhsil Nazirliyinin bu istiqamətdə hər hansı dəstəyinə gəldikdə isə, hazırda keçid balına yaxın nəticə göstərən və ya iş təcrübəsi yaxşı olan bəzi şəxslərin təhsil sahəsində fərqli istiqamətlərə, məsələn, uşaq birliklərinin idarə olunmasına və ya digər vəzifələrə yerləşdirilməsi üçün iş aparılır. Amma təbii ki, 9 min nəfərin hamısını işlə təmin etmək mümkün deyil. Nazirlik bunu yalnız məhdud sayda şəxs üçün nəzərdən keçirir.

Bu şəxslər özləri müxtəlif sahələrdə işləmək imkanı əldə edə bilərlər.

Heç birimiz qəbul etməməliyik ki, övladımıza müəllim kimi sertifikasiya tələblərini yerinə yetirməyən, qiymətləndirmədən keçməyən bir şəxs dərs desin.

Bu baxımdan, proses başa çatıbsa, həmin şəxslər də bunu məsuliyyətlə qəbul etməli və nəticəsini dərk etməlidirlər”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info