Fransanın Milli Günü Bakıda qeyd edlib

Bu gün Bakıda Fransanın Milli Günü qeyd edilib.

Gununsesi.info -nun xəbərinə görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus, media və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Fransanın ölkəmizdəki səfiri Sofi Laqut çıxış edib.

Diplomat deyib ki, ölkəsinin Milli bayramını birlikdə qeyd etməkdən məmnundur:
”Bu, mənim Bakıda qeyd etdiyim ilk 14 İyul – Fransa Milli Günüdür. Fürsətdən istifadə edərək, son on ay ərzində mənə göstərdiyiniz səmimi münasibətə görə hər birinizə ürəkdən təşəkkür etmək istəyirəm. Siz mənə həm qapılarınızı, həm də ürəklərinizi açdınız. Elə buna görə də Bakı ilk gündən mənim üçün doğma bir evə çevrildi. Buna görə sizə dərin minnətdarlığımı bildirirəm.

Mənim hələ Azərbaycan haqqında öyrənəcəyim və kəşf edəcəyim çox şey var. Bununla belə, hesab edirəm ki, bu ilk on ay mənə ölkə və Fransa–Azərbaycan xalqları arasında əlaqələrin yaratdığı imkanlar barədə kifayət qədər maraqlı təsəvvür qazandırdı.

Əvvəla, Azərbaycanın Bakını dünya xəritəsində tanıtmaq bacarığı həqiqətən heyranedicidir. Ölkə Formula 1 Qran-Prisi, Dünya Şəhərsalma Forumu, Dünya Telekommunikasiyanın İnkişafı Konfransı, Bakı Enerji Həftəsi və Bakı Təhlükəsizlik Forumu kimi nüfuzlu beynəlxalq tədbirlərin uğurlu ev sahibi kimi özünü təsdiqləyib. Bu tədbirlərin hər biri çərçivəsində qlobal problemlərin əməkdaşlıq və dialoq yolu ilə həllinə töhfə vermək istəyən yüksək səviyyəli Fransa nümayəndə heyətlərini burada qəbul etməkdən məmnun oldum. Belə mühüm diplomatik platformaların təşkili üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan hakimiyyətinə təşəkkür edirəm”.

Səfir bildirib ki, regionda baş verən dəyişikliklərin sürəti onu çox təsirləndirir:

”Prezident İlham Əliyevin və Azərbaycanın digər rəsmi şəxslərinin Ermənistanla sülh gündəliyini irəli aparmaq və həyata keçirmək istiqamətində nümayiş etdirdikləri qətiyyət və liderliyi yüksək qiymətləndirirəm. Sülhün real nəticələr verməsi üçün mühüm və konkret addımlar atılıb.

Mən azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini də şəxsən görmüşəm. Qarabağ inkişaf edir. Hətta bilirəm ki, Laçında fəaliyyət göstərən süd kooperativlərindən biri yerli pendir istehsalını inkişaf etdirmək məqsədilə fransız pendir ustalarından təlim alıb.

Otuz il davam edən ağır əzab və itkilərdən sonra Ermənistanla yenidən formalaşan qonşuluq münasibətləri həm insanlar arasında əlaqələr, həm də iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Fransa davamlı və geri dönməz sülhün təmin olunması, eləcə də Azərbaycan xalqının tam açıq Cənubi Qafqazın bütün üstünlüklərindən faydalanması üçün sizə dəstək verməyə hazırdır.

Nəhayət, Fransa və Avropaya göstərilən böyük maraq və rəğbət məni xüsusilə sevindirir. Bu marağı, xüsusən də gənc nəsildə keçirdiyim bütün görüşlərdə hiss etmişəm. İstər Gəncədə keçirilən “Avrokənd”, “Avropanın Dadı” və “Avropada Təhsil” sərgisi kimi “Team Europe” tədbirlərində, istər Dünya Məktəbində şagirdlərlə, ADA Universiteti və UFAZ tələbələri ilə görüşlərdə, istərsə də Gənc Avropa Səfirləri, Fransız İnstitutunun danışıq klubu iştirakçıları və Şəkidə qadın sahibkarlarla söhbətlərdə – hər yerdə maraqlı suallar səslənirdi və səmərəli fikir mübadiləsi aparılırdı. Bu isə qarşılıqlı anlaşma və bilik mübadiləsi üçün böyük potensialın olduğunu göstərir”.

Firuzə Mahmudova

Gununsesi.info