İnsan bəzən ən böyük məhkəməsini başqalarının qarşısında deyil, öz vicdanının qarşısında verir. Həyatın ən çətin anlarında verdiyimiz qərarlar bizi ya ucaldır, ya da içimizdə ömürlük sağalmayan bir çat yaradır. Çox vaxt isə bu çatın üstünü bəhanələrlə örtməyə çalışırıq: şərait, tale, qorxu, məcburiyyət…
Amma doğrudanmı insanı etdiyi seçimlərdən azad edən bir səbəb var?
Jan Pol Sartrın fəlsəfəsi məhz bu sualın üzərinə gedir. O, insanı tam azad hesab etdiyi üçün eyni zamanda onu tam məsuliyyətli də sayır. Sartra görə, insanın ən ağır yükü başqalarının hökmü deyil, öz vicdanının susmayan səsidir. Hər bəhanə, hər özünə haqq qazandırma cəhdi isə əslində vicdanın boğulmuş hayqırtısıdır.
Bu yazıda Sartrın azadlıq, seçim, məsuliyyət və “vicdanın asqırtıları” anlayışları üzərindən insanın özündən qaça bilməməsinin fəlsəfi mahiyyətinə nəzər salınır.
Gununsesi.info mövzu ilə bağlı sabiq deputat, təhsil eksperti Etibar Əliyevin yazısını təqdim edir:
“Nəhəng Jan Pol Sart insanı dünyanın nəhəng səhnəsi qarşısında qəflətən peyda olan aktyora bənzədirdi. Ətrafda insanın başa düşmədiyi və mənasını anlamadığı hansısa tamaşa gedir. Biz rejissor və ssenaristin kim olduğunu, janrın opera, operetta, yaxud faciə olduğunu bilmirik. Bu nə vaxt başlayıb və nə ilə qurtaracaq? Bütün bunlardan xəbərdar olmadan biz hansısa rolu oynamağa məhkumuq. Bax, elə yiyəsizlik budur.
Bəs qorxu nədir? Tutaq ki, biz uçurumlu dağ yolu ilə hərəkət edirik. Yuxarıdan üstümüzə daş düşəcəyindən qorxuruq. Bu “qorxu” deyil, hansısa xarici bir amildən həyəcanlanmaqdır. Biz “qorxu”nu hansısa xarici amildən hiss etmirik. Özümüz qarşısında, öz azadlığımızdan hiss edirik (keçiririk). Daxilimizdəki uçurum bizə kənar uçurumdan daha dəhşətli gəlir.
Sartr yazırdı: “Mən uçuruma düşməkdən qorxmuram. Mən ora atılmaqdan qorxuram”. İnsan mövcudluğunun, seçiminin, azadlığının belə üzə çıxarılma anları ekstremal məqamlardandır. Belə məqamlarda insan seçim etməyə və özünü tanımağa məhkumdur. Digər ekzistensialist filosoflar kimi Sartr da öz əsərlərində bu kimi durumları “sərhəd situasiyası” adlandıraraq, onları ətraflı təhlil edir. İnsanlar həmişə “alibi” axtarırlar, yəni öz hərəkətlərinə haqq qazandırmağa çalışırlar. Lakin Sartr kəskin şəkildə hər cür mümkün alibini rədd edir. “Sizi əclaflığa məcbur edən kiməsə istinad edirsiniz. Lakin əgər siz əclaflıq etmisinizə, bu, məhz sizin hərəkətinizdir! Başqasının yox, sizin! Deyirsiniz ki, başqasının “məsləhət”inə qulaq asmısınız. Lakin məgər məsləhətçini siz özünüz seçməmisiniz və onun məsləhətinə əməl edib-etməmək qərarına özünüz gəlməmisiniz? “Siz deyirsiniz ki, affekt vəziyyətində “düşünməyə imkan olmadan” bu xoşagəlməz hərəkəti etmisiniz”. Sartr bu cür alibiləri “vicdanın asqırtıları”, insanın özünün özünü təhriki ilə yaddaşdan məhrum olması adlandırmışdır. Nə üçün suda boğulanı görəndə və düşünmək üçün vaxt olmayanda biri onu xilas etmək üçün suya atılır, başqası vahiməyə düşür və onu iflic vurur? Çünki onların hər biri bu hərəkətə doğru ömrü boyu getmişdir və bu an hər şeyə bütünlüklə cavab verir.
Elmar












