Azərbaycanda son aylarda evlilik və elçilik mərasimləri ilə bağlı yeni bir tendensiya diqqət çəkir. Bir sıra ailələr qızlarına elçi gələn oğlanlardan myGov hesabındakı məlumatları göstərməyi xahiş edir. Məqsəd isə qarşı tərəfin təqdim etdiyi məlumatların həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirməkdir.
Valideynlərin sözlərinə görə, əvvəllər oğlanın təhsili, iş yeri, ailə vəziyyəti və maddi imkanları əsasən tanışlar vasitəsilə araşdırılırdı. İndi isə bəzi ailələr rəsmi elektron xidmətlərdən istifadə etməyi daha etibarlı hesab edirlər.
Şərti adı Sara Axundova olan bir valideyn bildirir ki, son illərdə qarşılaşdığı hallarda oğlanların verdiyi bəzi məlumatlar sonradan öz təsdiqini tapmayıb.
Onun sözlərinə görə, bəzən oğlan öz adına ev və ya avtomobil olduğunu desə də, bunun doğru olmadığı üzə çıxır. Həmçinin işlədiyini iddia etdiyi dövlət və ya özəl qurumda çalışmadığı müəyyən edilən hallar da olub. Sara Axundova bildirir ki, sağlamlıq vəziyyəti ilə bağlı da əvvəlcədən məlumatlı olmaq istədiklərini üçün mygov platformasında əks olunan tibbi məlumatlar gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısını almağa kömək edir. Bu yolla saxta tibbi arayış təqdim etmək və ya mühüm sağlamlıq məlumatlarını gizlətmək mümkün olmur. Bu səbəbdən bəzi ailələr qarşı tərəfin rəsmi məlumatlarını görməyə üstünlük verir.
Müşahidələrə görə, myGov hesabının göstərilməsi ilə bağlı tələbin əsas məqsədi tərəflər arasında etimadı artırmaq və mümkün aldatma hallarının qarşısını almaqdır. Bununla belə, bu, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məcburi tələb deyil və tamamilə ailələrin şəxsi qərarından asılıdır. myGov hesabı şəxsi məlumatları ehtiva etdiyi üçün onun şifrəsi heç bir halda başqa şəxslərlə paylaşılmamalıdır. Şəxsi məlumatların qorunması hər bir vətəndaşın hüququdur və belə məlumatlar yalnız hesab sahibinin razılığı ilə nümayiş etdirilə bilər.
Beləliklə, rəqəmsal xidmətlərin gündəlik həyata daha çox inteqrasiya olunması ailə münasibətlərinə də təsir göstərməyə başlayıb. Etimadın formalaşmasında elektron məlumatlardan istifadə edənlərin sayı artsa da, şəxsi məlumatların məxfiliyi və qarşılıqlı hörmət hər zaman qorunmalıdır.
Günay










