Çin İranın bütün fəaliyyətindən razı deyil

“Çin ilə İranın əməkdaşlığı strateji tərəfdaşlıq münasibətləri əsasında qurulub. Bu, yeni yaranmış münasibətlər deyil. İran-İraq müharibəsindən etibarən Çin ilə İran arasında yalnız neft və onun müqabilində silah alışı deyil, həm də geosiyasi maraqlara söykənən strateji tərəfdaşlıq formalaşmağa başladı. Başqa sözlə, Yaxın Şərqdə, xüsusilə də neftlə zəngin ölkələrlə münasibətlərini sürətlə genişləndirən ABŞ-a qarşı müəyyən tarazlıq yaradılmalı idi. Bu baxımdan həmin dövrdə belə bir rol oynaya biləcək iki dövlət var idi”.

Bu fikirləri Gununsesi.info -ya hərbi eskpert Ədalət Verdiyev deyib:

“Bunlardan biri SSRİ, digəri isə Çin idi. Lakin SSRİ-nin həmin dövrdə İranda maraqları o qədər də güclü deyildi. Çünki daha çox Səddam Hüseynlə münasibətlər qurur, İraqı silahlandırırdı. İran isə həmin dövrdə Çini özünə daha yaxın tərəfdaş hesab etdi.

Bunun səbəbi İranın Çin üçün də mühüm əhəmiyyət daşıması idi. Xüsusilə enerji resursları, ilk növbədə isə neft tədarükü baxımından İran Çin üçün vacib ölkə sayılırdı. Həmin dövrdən etibarən Çin ilə İran arasında əməkdaşlıq davam edib. Hazırda da Çin yaxşı anlayır ki, bu müharibədə İran əsas hədəf deyil, köməkçi hədəfdir. Əsas hədəf Çindir. Lakin Çinə çatana qədər ilk mərhələdə ABŞ Körfəz regionunun neft ehtiyatlarına nəzarəti gücləndirməyə çalışır ki, sonrakı mərhələdə Çini məhdudlaşdıra bilsin.

Bundan sonrakı mərhələdə diqqət Rusiyaya yönəlir. Rusiyada artıq neft emalı sahəsində ciddi problemlər müşahidə olunduğuna görə hazırda əsas diqqət İrana yönəlib. Çin də yaxşı anlayır ki, İranda mümkün rejim dəyişikliyi, ucuz neft ixracının dayanması və gələcək əməkdaşlıq perspektivlərinin zəifləməsi nəticə etibarilə Çin iqtisadiyyatına ciddi zərbə vura bilər.

ABŞ bir neçə dəfə İranı BMT Təhlükəsizlik Şurasında təzyiq altında saxlamağa çalışıb. Bu cəhdlərin qarşısını isə Çin, bəzi hallarda isə Rusiya ilə birlikdə alıb. Buna görə də mövcud şəraitdə Çin İranı asanlıqla gözdən çıxara bilmir. Bununla yanaşı, Çin İranın bütün fəaliyyətindən də tam razı deyil”.

 

 

Şəbnəm

Gununsesi.info