Azərbaycanın ən savadlı mollası - Saffari yazır…

  • Müəllif: Orxan
  • 07 Avqust 2026 17:30

Atası rayonlarımızın birində molla fəaliyyəti göstərən bir dostum zarafatla dedi ki, Saffari, mənim atam indiyə qədər 500 kitab oxuyub, bəs sənin atan?

Dedim, əziz dost, elə deyirsən ki, atam bu qədər kitab oxuyub. Oxuyub molla olub da, nə olub ki? Məgər molla olmaq üçün bu qədər kitab oxumağa ehtiyac var idi?

İndi dostuma dediyim söz olmasın, Müşfiq Ötgünün də savad nəyinə lazımdırsa, baş aça bilmirəm. Məsələn, o niyə fəlsəfə oxuyur? Axı fəlsəfə ona nə kömək ola bilib, nə də həyatının hansısa bir nöqtəsində lazım.

Ancaq düzünü desəm, Müşfiq Ötgün 500 kitab oxuyub molla olan dostumun atasından da savadlıdır. Daha dəqiq, mən indiyə qədər Azərbaycanda Müşfiq Ötgündən savadlı molla görməmişəm.

Azərbaycanda elə bir molla yoxdur ki, Müşfiq Ötgün kimi bəlağətli danışsın, terminlərdən istifadə etsin. Belə baxanda, Müşfiq Ötgün ən modern, belə lap postmodernist molladır. Maraqlıdır ki, Müşfiq Ötgünün əmmaməsi də yoxdur, hətta kostyum geyinir. Başqa mollalar qışqırırsa, Müşfiq Ötgün həzin-həzin, aram-aram danışarıq ruhani sakitlik sərgiləyir.

Elə bilirəm, o, çantasında da həmişə “Çərəkə” gəzdirir. Boynunda qara, üçbuqucaq formalı qablaşdırmanın içində ərəbcə duası da var.

Üstəlik, məncə, Müşfiq Ötgün Azərbaycanda insanlara ən çox “Səni Allaha tapşırıram” deyən adamdır. Hətta ateistləri belə Allaha tapşırır.

Məncə, Müşfiq Ötgünün cibində “Allaha tapşırılanlar” başlığı ilə ayrıca siyahısı da var. Günün sonunda oturub onları yoxlayır:

Ateist – tapşırıldı.

Aqnostik – tapşırıldı.

Filosof atapşırıldı.

Nobel laureatı – iki dəfə tapşırıldı.

Nədənsə, adım kimi əminəm ki, Müşfiq Ötgün üzərlik də yandırır, ola bilsin, başına düz hərləyib, ocağa atıb çırtladır.

Müşfiq Ötgünün ən çox sevdiyi iş dünyaca məşhur alimlərin arasında Allaha inananları tapıb Azərbaycan xalqına öz aləmində çatdırmağıdır. Elə bilir ki, belə etməklə, maarifçiliklə məşğuldur.

Müşfiq Ötgünə görə, alim inanırsa, alimdir, inanmırsa, görünür, hələ yaxşı alim deyil. Məncə, bir gün hansısa ateist fizik onun qarşısına çıxıb Nobel mükafatını göstərsə, Müşfiq Ötgün əvvəl mükafata baxacaq, sonra adama baxıb deyəcək:

-Sən yaxşısan, amma bir az iman üzərində işləməlisən.

Məsələn, təsəvvür edək ki, bir alim “mən Allahın varlığına inanıram” deyib.

Adi adam üçün bu, sadə bir cümlədir.

Müşfiq Ötgün üçün isə bu, üç hissəli sənədli filmdir.

Birinci hissə: “Dünyanın böyük alimləri və Allah”.

İkinci hissə: “Elm niyə Allahsız qala bilməz?”

Üçüncü hissə: “Siz hələ bir görün, Eynşteyn nə deyib!”

Hətta mənə elə gəlir ki, onun kitabxanasında kitabların düzülüşü də fərqlidir. Bir rəfdə fəlsəfə, birində din, o birində elm. Amma ortada ayrıca bir rəf var:

“Allah deyən alimlər”.

Orada fizik də var, bioloq da, riyaziyyatçı da, filosof da.

Müşfiq Ötgün hər dəfə yeni birini tapanda kitabxanaya qayıdıb sevinclə deyir:

-Uşaqlar, birini də tapdım!

Başqa sözlə desək, Müşfiq Ötgün populizmin, pafosun canlı nümunəsidir. Müşfiq Ötgün o qədər populist adamdır ki, “Popumuz var” verilişi yayımlananda da birinci “Populist lazımdır” kimi oxuyub həyəcanlanmışdı.

Əlbəttə, burada məsələ heç də inanc deyil. Şəxsən məni kiminsə inancı və ya inancsızlığı narahat etmir.

Ancaq o insanların ümumi obrazı düşündürür.

Müşfiq Ötgünü danışıqları əksər hallarda məhəllələrdə istənilən adam danışır. Onların heç biri Müşfiq Ötgün qədər kitab da oxumayıb, heç nitqləri də bəlağətli deyil.

Şəxsi müşahidəmdir, bir xeyli inanclı adam tanıyıram ki, Müşfiq Ötgündən xoşu gəlmir.

Maraqlıdır, deyilmi? Sən inanclısan, biri sənin inancını daha geniş auditoriyaya təbliğ edir, ancaq sən o adamı sevmirsən, dolayısı ilə inanmırsan da.

Bu, həqiqəti kimin deməyinə bariz nümunədir.

Elə adamlar var, onların dedikləri qızıldan da olsa, adam acığa qəbul etmək istəmir. Ona görə Müşfiq Ötgün düşünməlidir ki, harada səhv edir, niyə insanlarda bu qədər qıcıq yaradır?

Əlbəttə, Müşfiq Ötgün istəsə, özünə bəraət qazandıra bilər, məsələn, deyər ki, həqiqətləri deyəndə insanlar qəzəblənir, paxıllıq edirlər, gözləri götürmür və s. və ilaxır.

Ancaq pafosu heç olmasa, özü ilə tək qalanda yerə qoysun bu bu barədə ciddi-ciddi düşünsün.

Ona görə də istəyərdim ki, Müfiq Ötgün çıxışlarında tez-tez ilahi ədalətdən filan danışmaqdansa, hələ bu sadə həqiqət üzərində düşünsün. Yəni belə dərinə gedəndə, ilahi ədalət, ən birinci Müşfiq Ötgünün özünə lazım deyil. Müşfiq Ötgün məhz ədalətsiz cəmiyyətlərdə mövcud olan, az-çox məşhurlaşa bilən adamlardandır.

Əgər ilahi ədalət həqiqətən olsaydı, biz heç bu gün Müşfiq Ötgün müzakirəsi aparmazdıq.

Orxan Saffari

Gununsesi.info