Fazil Mustafa: “Milli hədəfləri dəyişdirmək sosioloqların uğurudur”

  • Müəllif: Firuzə
  • 10 Avqust 2026 09:14

Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstanda yaşayan azərbaycanlıların qarşılaşdığı problemlər və cəmiyyət daxilində milli hədəflərin dəyişməsi ilə bağlı fikirlər səsləndirib.

Gununsesi.info-nun xəbərinə görə, Fazil Mustafa bildirib ki, əvvəlki dövrlərdə Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı əsas diqqət təhsil məsələlərinə yönəlmişdi.

Onun sözlərinə görə, əsas hədəflər məktəblərin bağlanmaması, Azərbaycan dilində tədrisin azaldılmaması, müəllimlərin layiqli maaşla təmin edilməsi, həmçinin azərbaycanlıların vətəndaş cəmiyyətində və siyasi həyatda fəallığının artırılması olub.

Deputat qeyd edib ki, Gürcüstan rəsmiləri də bu məsələyə öz qanunvericilikləri çərçivəsində yanaşaraq gürcü dilini yaxşı mənimsəyən azərbaycanlıların dövlət qurumlarında, o cümlədən yüksək vəzifələrdə təmsil olunması üçün imkanların olduğunu bildiriblər.

“Ləng də olsa bu istiqamətə səfərbər olduğumuz zaman ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna yönəltsinlər”, – deyə Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, həmin ölkədən gələn sosial fondlar vasitəsilə aztəminatlı insanlara müxtəlif yardımların göstərilməsinə də şərait yaradılıb.

Fazil Mustafa dini mərasimlərin keçirilməsi zamanı mollalarla yanaşı keşişlərin də önə çıxarılmasının bu prosesə legitimlik qazandırdığını vurğulayıb:

“Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar”.

Deputat hesab edir ki, bu proses sağlam düşüncəli azərbaycanlıların hamısına təsir göstərməsə də, cəmiyyətin əhəmiyyətli hissəsinin milli ideallardan uzaqlaşmasına səbəb olub.

“İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır”, – Fazil Mustafa deyib.

Deputat bu vəziyyəti gürcü siyasətçilərindən daha çox ölkənin sosioloqlarının uğuru kimi qiymətləndirib.

“Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur”, – deyə Fazil Mustafa fikrini yekunlaşdırıb.

Elmar
Gununsesi.info