Həbs edilən tələbənin təhsilini davam etdirib-etdirə bilməməsi, o cümlədən imtahanlarda iştirak etməsi məsələsi son dövrlərdə hüquqi baxımdan diqqət çəkən mövzulardan biridir.
Qanunvericiliyin təhlili göstərir ki, şəxsin həbs edilməsi onun bütün hüquqlarını avtomatik olaraq aradan qaldırmır.
Lakin həbsdə olan şəxsin universitetə gedərək ənənəvi formada imtahan verməsi və ya onlayn imtahana qoşulması üçün ayrıca hüquqi və təşkilati prosedurlar tələb olunur.
Gununsesi.info-ya danışan hüquqşünas Şamil Paşayev deyir ki, Azərbaycan Respublikasının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanununun 14.1-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikası Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi, həmin Qanun və digər qanunlarla müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edirlər.
“Yəni şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi onun bütün hüquqlarından məhrum edilməsi demək deyil. Lakin həbsdə saxlanılmanın məqsədi cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etmək olduğundan, həmin hüquqlar həbs rejiminin tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qanunvericilikdə “istintaq təcridxanasında saxlanılan tələbə universitetin imtahanına mütləq buraxılmalıdır” şəklində ayrıca norma yoxdur. Bu mühüm fərqdir. Başqa sözlə, qanunda həbsdə olan tələbənin universitet imtahanına avtomatik olaraq buraxılmasına dair birbaşa hüquq müəyyən edilməyib. Eyni zamanda, qanunda tələbənin sırf həbsdə olduğuna görə təhsil hüququnun avtomatik itirilməsi barədə də ümumi qadağa yoxdur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu təhsil hüququnu əsas hüquqlardan biri kimi tanıyır və ali təhsildə təhsil prosesinin müvafiq qanunvericilik və təhsil müəssisəsinin qaydaları əsasında həyata keçirilməsini nəzərdə tutur. Əgər tələbə artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilib və cəzaçəkmə müəssisəsində cəza çəkirsə, qanunvericilikdə təhsillə bağlı daha konkret mexanizmlər mövcuddur. Məsələn, qüvvədə olan penitensiar qaydalarda məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və ali, orta ixtisas və ya peşə təhsili alan məhkumların müəyyən şərtlərlə müəssisədən kənarda təhsil almalarına imkan verilir. Belə şəxslərin müəssisədən kənarda hərəkəti cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi və müəyyən edilmiş qrafik əsasında həyata keçirilir. Daha da əhəmiyyətlisi, həmin qaydalarda məhkumların ümumi və peşə təhsili üzrə imtahan verməsi ilə bağlı ayrıca müddəa mövcuddur. Qaydalara əsasən, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ümumi və peşə təhsili üzrə imtahan vermək üçün qanunvericilikdə nəzərdə tutulan müddətə işdən azad edilirlər. Lakin bu norma avtomatik olaraq istənilən ali məktəbin semestr imtahanına həbsxanadan çıxaraq getmək hüququ demək deyil. Burada söhbət, ilk növbədə, qanunda nəzərdə tutulmuş təhsil formaları və penitensiar rejim daxilində təhsilin davam etdirilməsindən gedir”, – deyə o qeyd edib.
Hüquqşünas həmçinin bildirib:
“Qanunvericilikdə “həbsdə olan tələbə onlayn formada universitet imtahanına qoşula bilər” şəklində xüsusi norma müəyyən edilməyib. Üstəlik, həbs yerlərində saxlanılan şəxslər üçün müəyyən edilmiş rejim nəzərə alınmalıdır. Həbs yerinə mobil telefon, internetə daxil olmaq üçün vasitəçi qurğular və bir sıra elektron-rabitə vasitələrinin keçirilməsi və istifadəsi ilə bağlı məhdudiyyətlər mövcuddur. Bu səbəbdən tələbənin öz şəxsi telefonu və ya kompüteri ilə həbsxanadan sərbəst şəkildə Zoom, Teams və ya digər platformaya daxil olaraq imtahan verməsi qanundan irəli gələn avtomatik hüquq kimi qiymətləndirilə bilməz. Əgər belə bir imkan yaradılacaqsa, bu, həbs yerinin rejimi, müəssisə rəhbərliyinin icazəsi və universitetin imtahan qaydaları nəzərə alınmaqla təşkil edilməlidir. Ali təhsil müəssisələrində imtahanlarda üzrlü səbəbdən iştirak etməyən tələbələr üçün müəyyən hallarda növbəti imtahan imkanının yaradılması nəzərdə tutulur. Müvafiq qaydalarda üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbəyə müəyyən müddət ərzində həmin imtahanı vermək imkanının yaradılması göstərilir. Burada əsas hüquqi məsələ həbsin konkret universitet tərəfindən üzrlü səbəb kimi qəbul edilib-edilməməsi və həmin tələbə üçün hansı alternativ mexanizmin tətbiq olunmasıdır”.
Orxan











