Fidanın Qafqaz üçün “Məkkə sazişi” təklifi: Yeni təhlükəsizlik mexanizmi yarana bilər

  • Müəllif: Orxan
  • 14 Avqust 2026 15:22

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə “Məkkə sazişi” tipli müdafiə mexanizminin yaradılması barədə açıqlaması müzakirələrə səbəb olub.

Gununsesi.info-ya danışan Politoloq Turan Rzayev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh əldə edildikdən sonra regionda yeni təhlükəsizlik reallığının formalaşmasına ehtiyac yarana bilər.

Onun sözlərinə görə, Fidanın təklif etdiyi model konkret düşmənə qarşı hərbi ittifaqdan daha çox, region ölkələrinin bir-birinin təhlükəsizliyinə təminat verməsini nəzərdə tuta bilər:

“Keçmişdə bir-birini təhlükə kimi görən dövlətlərin gələcəkdə eyni təhlükəsizlik mexanizminin iştirakçısına çevrilməsi sülhün siyasi nəticəsini daha dərin strateji dəyişikliyə çevirə bilər”.

Politoloq hesab edir ki, Azərbaycan belə bir müdafiə mexanizmində iştirak edə bilər. Lakin Ermənistan üçün əsas məsələ strukturun Azərbaycan və Türkiyənin dominant olduğu hərbi blok təsiri yaratmamasıdır.

Rzayevin fikrincə, daha real ssenari ilkin mərhələdə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlimlər, informasiya mübadiləsi, sərhəd təhlükəsizliyi və nəqliyyat xətlərinin qorunması istiqamətində addımların atılmasıdır.

Qeyd edək ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında “Məkkə sazişi” imzalanıb.

Sənədə əsasən, iştirakçı ölkələrdən birinə silahlı hücum digərlərinə qarşı hücum kimi qiymətləndirilir.

Orxan

Gununsesi.info