“Gəncədə qaldığım ailə mənə Azərbaycan haqqında çox şey öyrətdi”

“Bu gün etimadnaməmi Prezident İlham Əliyevə təqdim etməyimdən cəmi üç gün sonra sizinlə burada görüşməkdən böyük məmnunluq duyuram. Bu mühüm hadisə Böyük Britaniya ilə Azərbaycan arasında güclü tərəfdaşlığın və gələcək əməkdaşlıq üçün mövcud imkanların bir daha təsdiqi oldu. Bu gün həmin imkanlarla bağlı fikirlərimi sizinlə bölüşmək istərdim”.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunan səfiri Dankan Norman bugünkü mətbuat konfransında deyib:

“Mən ilk dəfə 1999-cu ildə həyat yoldaşım Kerri ilə birlikdə Azərbaycana gəlmişdim. O zaman Azərbaycan bu il mühüm vəzifəni üzərimə götürmək üçün geri qayıdarkən gördüyüm ölkədən çox fərqli idi.

2025-ci ilin əvvəlində Azərbaycan dilini öyrənərkən Gəncədə bir ailənin evində qaldım. Məni evlərinə və həyatlarına qəbul edən bu ailənin səbri və səxavəti mənə Azərbaycan haqqında hər hansı sinif otağında öyrənə biləcəyimdən daha çox şey öyrətdi.

Bu gün gördüyüm Azərbaycan ilk səfərim zamanı təsəvvür etməyin belə çətin olduğu dərəcədə dinamik, müasir və dünya ilə sıx əlaqələri olan ölkədir. Lakin bir şey heç vaxt dəyişməyib: Azərbaycan xalqının istiqanlılığı və qonaqpərvərliyi.

Mən Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlər baxımından əlamətdar bir dövrdə ölkəyə gəlmişəm. Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir və mən bu tərəfdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verməkdə qərarlıyam”.

 

 

Şəbnəm

Gununsesi.info