Azərbaycan-Ukrayna əlaqələrində yeni mərhələ: “Bu, Ukraynanın Azərbaycana etimadıdır”

Avqustun 17-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

Bu barədə Prezident İlham Əliyev “X” hesabında paylaşım edib.

Dövlət başçısı bildirib ki, görüş zamanı 20 ildən artıq davam edən tanışlıq çərçivəsində xoş xatirələr bölüşülüb, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işlər xatırlanıb və əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim edib.

Mövzu ilə Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynanın“İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsinin təqdim olunması Bakı-Kiyev münasibətlərində həm siyasi, həm də rəmzi baxımdan xüsusi çəkisi olan mühüm hadisədir.

“Azərbaycan-Ukrayna münasibətləri strateji tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, hər zaman sabit inkişaf edən münasibətlər kontekstində dəyərləndirilməlidir. Əgər biz müstəqillik dövrünə diqqət yetirsək, görərik ki, bir sıra dövlətlərlə Azərbaycanın münasibətləri hər zaman sabit olaraq qalıb. Onların arasında Ukrayna xüsusilə seçilir. Çünki burada ortaq tarix, ortaq dəyərlər və bəzi məsələlər fonunda çox oxşar cəhətlərin olması istər-istəməz bu münasibətlərin dostluq və hər zaman strateji tərəfdaşlıq ünsürlərini özündə ehtiva edən tərzdə inkişaf etdiyini göstərir.

Xüsusilə nəzərə alsaq ki, Ukrayna bu gün çox ağır günlərini yaşayır. Rusiya-Ukrayna müharibəsi bilavasitə ölkənin ərazisində gedir və istər-istəməz Azərbaycanla Ukrayna arasında olan münasibətlər bu və ya digər formada həm də bu mövzu üzərindən irəli gələrək və ya bu mövzu prizmasından şərh olunur. Müəyyən mənada da bu iki ölkə arasında olan strateji tərəfdaşlığın başqa bir ölkənin əleyhinə yönəldiyini dilə gətirənlər var və bu da, təbii ki, ən azından ona görə yolverilməzdir ki, istər Ukrayna ilə, istərsə də Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri var və bu əlaqələr daim inkişaf etdirilməkdədir.

Ümumiyyətlə, Azərbaycan müstəqil dövlətdir və onun xarici siyasəti, ikitərəfli və çoxtərəfli əlaqələri öz milli maraqlarına uyğun qurulmaqdadır. Məhz bunun üzərindən də ölkənin xarici siyasəti həyata keçirilərkən, xüsusilə bu məsələlərə çox həssaslıqla yanaşılır.

Bu əlaqələr heç bir zaman başqa ölkəyə qarşı yönəlməyibdir və bu baxımdan da Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Bu prinsiplərə riayət olunmadığı halda təhlükəsizlik, əməkdaşlıq və sülh şəraitində birgə yaşayış mümkünsüz hala gəlir.

Azərbaycan ərazi bütövlüyünün pozulmasından onilliklər ərzində əziyyət çəkibdir. Ona görə də bu prinsiplərə riayət olunmasının vacibliyini çox yaxşı dərk edir və bu münasibətləri qurarkən həm Ukrayna, həm də Rusiya ilə məhz beynəlxalq hüququn bu təməl prinsiplərinə xüsusilə diqqət yetirir”,-deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, bu baxımdan da Azərbaycan bu iki ölkə arasında mövcud olan münaqişədə hər hansı formada iştirak etməmək şərti ilə, hərbi ünsürlərdən tamamilə uzaq bir şəkildə əlaqələrin qurulmasında maraqlı olduğunu hər zaman nümayiş etdirib:

“Heç bir zaman subyektiv yanaşmasını ön plana çəkməyibdir. Əksinə, münaqişənin sülh yolu ilə həll olunmasında maraqlı olduğunu dilə gətirib və eyni zamanda bu prosesdə vasitəçi qismində iştirakını Azərbaycan hər zaman qeyd edibdir. Bu baxımdan da Azərbaycan bu müharibənin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır və bunun üçün bütün əlverişli şəraitin yaradılmasında xüsusilə maraqlı olubdur.

Azərbaycan-Ukrayna münasibətlərinə gəldikdə, bilavasitə xüsusilə qeyd olunmalı məsələ budur ki, bizim ölkələr və xalqlar arasında çox sıx, tarixi ənənələrə söykənən münasibətlər var. İki ölkə arasında ən yüksək səviyyədə təmaslar, xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana, Qəbələyə bu ilin aprel ayında səfər etməsi və orada siyasi mesajlarla dolu fikirlərin iki ölkə başçıları tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılması bir daha onu göstərdi ki, bu münasibətlərin inkişaf etdirilməsində hər iki ölkə başçısı maraqlıdır və bu, həm də ölkələrimizin maraqlarına cavab verə biləcək bir yanaşmadır.

Nəticə etibarilə, əgər biz ayrı-ayrı sahələrə diqqət yetirsək, o cümlədən enerji təhlükəsizliyinin təmin olunması məsələlərinə və gələcəkdə də Ukraynanın nəqliyyat, logistika layihələrinə, xüsusilə Cənubi Qafqaz bölgəsindən keçən Orta Dəhliz layihəsinə qoşulmasının mümkünlüyü barədə çox vacib fikirlərin dilə gətirilməsi onu göstərir ki, Ukraynanın gələcəyi üçün hesablanmış çox vacib perspektivlər var. Bu perspektivlər arasında Azərbaycanın əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənərək inkişaf etdirilməsi olduqca vacibdir.

Nəzərə alsaq ki, Azərbaycan Ukraynada çox mühüm əhəmiyyətə malik olan humanitar xarakterli layihələr də həyata keçirir, İrpin şəhərinin bərpa olunması, kritik infrastrukturun saxlanılması kimi məsələlər istər-istəməz iki ölkə arasında münasibətlərin daim sıx olmasını şərtləndirir.

Nəticə etibarilə, Azərbaycanın bu məsələlərdə Ukrayna xalqına böyük dəstəyi, o cümlədən ukraynalı uşaqların Azərbaycanda reabilitasiya proqramlarına cəlb olunması, İrpin şəhəri ilə yanaşı, eyni zamanda Buça şəhərində də bərpa-quruculuq işlərinin icra olunması və SOCAR-ın xüsusilə Ukraynada fəaliyyətini diqqət mərkəzində saxlasaq, görərik ki, Azərbaycan bu zəmində ölkə və xalq üçün mühüm əhəmiyyət kəsb edən böyük layihələrin həyata keçirilməsini təmin edir.

Məhz bu səbəbdən də Prezident İlham Əliyevə İrpin şəhərinin fəxri vətəndaşı vəsiqəsinin təqdim olunmasının rəmzi mənası var. Bu, həm də Ukrayna xalqının və Ukraynanın bütövlükdə Azərbaycana və onun Prezidenti İlham Əliyevə göstərdiyi etimaddır ki, bu da, şübhəsiz ki, çox yüksək dəyərləndirilir.

Nəticə etibarilə biz görürük ki, iki ölkə arasında münasibətlər daim inkişaf edir. Bu münasibətlər qətiyyən başqa dövlətlərə qarşı deyil və hətta Azərbaycanın xarici siyasət kursundakı praqmatikliyə diqqət yetirsək, xüsusilə qarşılıqlı hörmət, milli maraqların təmin olunması zamanı qarşılıqlı etimadın gözlənilməsi məhz bu iki ölkə arasında münasibətlərin daim inkişaf etdirilməsi üçün çox əlverişli zəmin yaradır.

Nəticə etibarilə, bu münasibətlərin bütövlükdə bu səviyyədə saxlanılması, gələcəkdə, xüsusilə də münaqişədən sonrakı dövrdə, böyük bir arealda, coğrafi bir ərazidə iki dövlət arasında münasibətlərin məhz bu günə qədər qazanılan uğurlar əsasında yeni səviyyəyə qaldırılması üçün çox əlverişli şərait yaradır.

Yeri gəlmişkən, səviyyə və mərhələ barədə danışarkən, xüsusilə də Azərbaycan və Ukrayna arasında bu ilin aprel ayında Qəbələdə imzalanmış sənədlərin təfərrüatına diqqət yetirdikdə biz görürük ki, burada bir çox sahələrdə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün çox əlverişli hüquqi baza formalaşmaqdadır.

Nəticə etibarilə, hökumətlərarası əlaqələr, müxtəlif işçi qrupları, təmaslar və o cümlədən parlamentlərarası əlaqələrin də bu prosesdə çox fəal olduğunu görürük. Bir çox aspektlərdə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün çox ciddi siyasi iradə var. Konkret bu istiqamətdə addımlar atılmaqdadır.

Müxtəlif sahələrdə əməkdaşlıq özünü qabarıq şəkildə büruzə verməkdədir. Qarşılıqlı hörmət və etimada söykənən bu münasibətlər məhz beynəlxalq hüququn təməl prinsiplərinə arxalanmaqla yanaşı, həm də iki ölkə və iki xalq arasında münasibətlərin daim sıx saxlanılmasına səbəb olur ki, bu da qətiyyən hər hansı bir dövlətə qarşı yönəlməyən bir yanaşmadır.

Əksinə, biz bu qarşılıqlı etimad və hörmət fonunda, həm də bu münaqişənin sülh yolu ilə aradan qaldırılması prosesində Azərbaycanın özünəməxsus rolu olduğunu ölkə başçılarının dilindən də eşidirik. Bu da onu deməyə əsas verir ki, gələcəkdə də əgər belə bir ehtiyac yaranarsa, Azərbaycan bütövlükdə Ukraynanı bu gün narahat edən məsələlərin, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin sülh danışıqları yolu ilə həll olunması istiqamətində dəstəyinə ehtiyac yaranarsa, bunun üçün çox əlverişli zəmin formalaşıb.

Azərbaycanın bu istiqamətdə zəngin təcrübəsi də bütövlükdə gələcəkdə bu münaqişənin həllinə nümunə ola bilər. Bu isə  hər iki ölkənin və xalqın maraqlarına cavab verəcək bir yanaşmadır”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info