Azərbaycan-Özbəkistan münasibətləri daha da dərinləşdirilə bilər

  • Müəllif: admin
  • 23 Avqust 2026 21:10

Bu gün “əbədi dostluq” haqqında müqaviləyə imza atacaq Azərbaycan və Özbəkistan mövcud olduqları regionda əhəmiyyətli imkanlara malikdirlər. Hər iki dövlətin malik olduğu resurs və logistika potensialı Cənubi Qafqazla Mərkəzi Asiya arasında strateji körpü formalaşdırır.

 

Azərbaycanın əlində nələr var?

 

Azərbaycan zəngin karbohidrogen resursları (7 milyard barel neft, 2.6 trilyon kubmetrdən çox təbii qaz ehtiyatı) və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində əsas oyunçulardandır. Son vaxtlar bunu avropalı rəsmilər çox tez-tez deyirlər. Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri isə Xəzər neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxarır.

Ölkə eyni zamanda ciddi “yaşıl enerji” potensialına (180 QVt-dan çox) sahibdir. Daxili elektrik tələbatını ödəyən Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir. Hazırda Mərkəzi Asiya və Xəzər enerjisini Avropaya çatdıracaq sualtı “Yaşıl Enerji Koridoru” layihələri icra olunur.

Nəqliyyat infrastrukturu baxımından, Ələt Dəniz Ticarət Limanı (15 milyon ton yük gücü) və Bakı–Tbilisi–Qars dəmir yolu Orta Dəhlizin əsas halqalarıdır. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı sərnişin daşınmasında Cənubi Qafqazda 1-ci, kargo həcmində isə postsovet məkanında top-3 sırasındadır.

 

Özbəkistan nəyə sahibdir?

 

37 milyonluq nüfusu ilə Mərkəzi Asiyanın iqtisadi drayveri olan Özbəkistan dənizə çıxışı olmasa da, regionun zəngin resurs və ağır sənaye mərkəzidir. Strateji resurslara sahibdir, qızıl (Muruntau mədəni) və uran ehtiyatlarına görə qlobal miqyasda top-5 ölkə sırasındadır.

İnkişaf edən sənayesi var. Regionda tamsilsiləli avtomobil (“UzAuto Motors”), neft-kimya və müasir hazır tekstil sənayesinə malik yeganə dövlətdir.

Özbəkistan Mərkəzi Asiyanın bütün ölkələri ilə həmsərhəd olan yeganə dövlətdir. Yüksəksürətli “Afrosiyob” dəmir yolları, Nəvai İntermodal Kargo Mərkəzi və tikintisi planlaşdırılan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu vasitəsilə Yük axınını Xəzər (Azərbaycan) üzərindən Avropaya yönəldir.

Beləliklə, Azərbaycanın dəniz, hava və boru kəməri altyapısı ilə Özbəkistanın xammal, sənaye və Mərkəzi Asiya tranzit imkanlarının birləşməsi Avrasiyada yeni iqtisadi və logistik cazibə mərkəzi yarada bilər.

 

Bu günə qədərki vəziyyət

 

500 milyon dollar nizamnamə kapitalı olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti neft-kimya, energetika və sənaye sahələrində birgə müəssisələrin qurulmasını maliyyələşdirir. Bu sıx kooperasiya nəticəsində ikitərəfli ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollara çatıb.

Dənizə birbaşa çıxışı olmayan Özbəkistan öz məhsullarını Avropa bazarlarına çıxarmaq üçün Azərbaycanın logistik altyapısından fəal istifadə edir. Ölkələr arasında tranzit yükdaşımalarının həcmi artıq 1,4 milyon tona çatıb. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu işə düşdükdən sonra özbək malları daha sürətlə Xəzər dənizi üzərindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına (Ələt) çatdırılır.

Bakı-Tbilisi-Qars (BTQ) dərmiryolu Özbəkistanın tekstil, kimya və kənd təsərrüfatı məhsullarının Avropaya quru yolu ilə fasiləsiz daşınmasını təmin edir.

Perspektivdə Zəngəzur dəhlizinin (Horadiz-Ağbənd) tam istismara verilməsi isə yüklərin Naxçıvan və Türkiyə üzərindən Avropaya daha qısa məsafə ilə çatmasına imkan yaradacaq.

 

Daha nələr etmək olar?

 

Tam vizasız rejim və qeydiyyat sadələşdirilməsi vacibdir. Şəxsi pasportlar (ID kartlar) ilə gediş-gəliş imkanının yaradılması və müvəqqəti qeydiyyat prosedurunun maksimum sadələşdirilməsi insan axınını kəskin artıracaq.

Aşağı büdcəli aviaşirkətlərin sərnişin daşınmasına cəlb olunması, yəni Bakı-Daşkənd, Gəncə-Səmərqənd və Naxçıvan-Buxara kimi istiqamətlərdə loukosterlərin uçuşlarına şərait yaratmaqla aviabilet qiymətlərini daha əlçatan etmək mümkündür.

İki ölkənin turizm şirkətləri üçün birgə paketlərin (məsələn, İpək Yolu turları) hazırlanması, otel və nəqliyyat xidmətlərində vergi və xidmət güzəştlərinin tətbiqi bu sektorun inkişafına şərait yaradar.

Bundan başqa Azərbaycan və Özbəkistan sahibkarları üçün gömrük rüsumlarının azaldılması, “yaşıl koridor” sisteminin tətbiqi və daxili bazarlara çıxışda üstünlük hüquqlarının verilməsi vacibdir.Paralel olaraq Birgə İnvestisiya Fondunun resurslarını kiçik və orta biznes (KOB) layihələrinə də yönəltmək, investorlar üçün hər iki ölkədə vergi azadlıqları tətbiq etmək olar.

 

Elçin Rüstəmli

Gununsesi.info