Ali məktəblərə qəbul imtahanlarında uğur qazananlardan biri də 44 günlük Vətən müharibəsinin şəhidi Xalid Həsənin anası Maya Quliyevadır. Maya xanım Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub.
Bundan əvvəl kollec təhsili alan Maya Quliyeva ictimai fəal kimi şəhid ailələrinin və qazilərin problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. Maya xanım ali məktəbə qəbul olması barədə xoş xəbəri də şəhid ailələri ilə keçirdiyi görüşdən qayıdarkən alıb:
“Quzanlıdakı Şəhidlər xiyabanının yanında keçəndə rəfiqəm zəng elədi. Bilirdim ki, cavablar açıqlanacaq. Sevincimdən ağladım. Yolumuzu dəyişib məzarlığa endik. Xalidimi ziyarət etdim, bütün şəhidlərin ruhuna dualar oxuduq. Xalid də ali təhsil almaq istəyirdi. Sağ olsaydı, bu yaşda tələbə olmağıma əminəm ki, ən çox o sevinərdi. Əminəm ki, ruhu şaddır”.
Qeyd edək ki, şəhid xanımlarına mənəvi-psixoloji dəstək göstərən əslən Ağdam rayonunun Saybalı kəndindən olan Maya xanım onların təhsil almasına, peşə öyrənməsinə, işləməsinə və cəmiyyətə daha fəal inteqrasiya olunmasına çağırışlar edir, bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edir. O, şəhid xanımlarını həyatın çətinlikləri qarşısında ruhdan düşməməyə, öz üzərlərində işləməyə və yeni imkanlar axtarmağa həvəsləndirir.
O, şəhid xanımlarını həyatın çətinlikləri qarşısında ruhdan düşməməyə, öz üzərlərində işləməyə və yeni imkanlar axtarmağa çağırır.
“Şəhid xanımlarına deyirəm ki, oxumaq heç zaman gec deyil. Bədbinliyə qapılmasınlar, oxusunlar, peşə öyrənsinlər, işləsinlər. Özlərinə yeni hədəflər qoysunlar və həyata inamla davam etsinlər”, – deyə Maya Quliyeva bildirir.
Xatırladaq ki, Xalid Həsən 2020-ci il noyabrın 4-də Kəlbəcər-Şuşa yolu istiqamətində şəhid olub. O, ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəbnəm












