“Strategiyası olmayan ali təhsil sistemində strategiyalı universitet mümkündürmü?”

Dsent İlham Əhmədov ali təhsil sistemində strategiya və universitetlərin inkişaf məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər veirir ki, o universitetlərin hazırladığı strateji inkişaf proqramlarının real nəticələrə əsaslanmasının vacibliyini vurğulayıb:

“Strategiyası olmayan ali təhsil sistemi və universitetlərin inkişafı mümkündürmü?

Formal strategiyaya malik olan, büdcəsini inkişafa yox, təmir-tikintiyə yönəldən universitetlərin QS, THE kimi reytinqlərdə hansı pillələrdə olmasının nə mənası var?

Ölkəmizdə ali təhsilin inkişaf strategiyası yoxdur, heç olmayıb da. Belə bir vəziyyətdə universitetlər öz inkişaf strategiyasını necə, hansı strateji hədəflərə uyğunlaşdırıb yazmalıdır?

Ona görə də bir çox universitetlərin strateji inkişaf proqramları söz yığınıdır. Belə strategiya, təbii ki, reallaşa bilməz.

Bəs bu strategiyanın bəndlərinin reallaşması üçün maliyyə ayrılırmı? Bu bəndlərin icra nəticələri hansı KPI-larla ölçülür? Bunun icrası universitetlərdə geniş müzakirə edilirmi?

Əgər bu işlər görülmürsə, universitetlərin strateji məsələlər üzrə prorektorluğu, strateji inkişaf şöbələri nə ilə məşğuldurlar?

Belə universitetlər necə transformasiya oluna bilər? Belə universitetlərin nə gələcəyi ola bilər?

Bəzi müqayisələrə baxaq.

QS Europe reytinq siyahısında 2026-cı ildə 250–300-cü yerləri tutan bəzi universitetlərin elmi-innovasiya istiqamətində fəaliyyətinə nəzər salaq:

  • Yıldız Technical University-də 20-dən çox tədqiqat mərkəzi, təxminən 300 laboratoriya, 1 700-dən çox akademik heyət və 40 mindən çox tələbə var. Universitetin 77 mindən çox nəşri və 8 800-dən çox tamamlanmış layihəsi var barədə məlumat verir. Yıldız Technopark-da isə 750-dən çox şirkət fəaliyyət göstərir.

YTU Türkiyədə ölkədaxili reytinqdə 11-ci yerdədir.

  • Riga Technical University 2025-ci ildə 1 604 elmi işçi, 416 doktorant və 5 870 beynəlxalq tələbə göstərir; 125 Latviya patenti və yüzlərlə tədqiqat nəticəsi mövcuddur.
  • University of Alicante isə 2024–2025-ci ildə 246 yeni R&D layihəsi, 21,7 milyon avro rəqabətli tədqiqat maliyyəsi, 718 tədqiqat müqaviləsi, 20 milli və 13 beynəlxalq patent müraciəti, 128 doktorluq müdafiəsi və 53 şirkətdən ibarət Science Park barədə hesabat verir.

Bunlar mühüm fərqdir. Bizim universitetlərin heç birində belə nəticələr yoxdur”.

 

 

 

Gununsesi.info