Vətəndaşın 1430 manatı icazəsiz başqa hesaba köçürülüb

Vətəndaş Kapital Bankdan pul köçürməsi ilə bağlı şikayətçidir.

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:

“Şikayətim Kapital Bankdandır. 26.09.2026 tarixində ikinci əl telefon mağazasında pulu (1430 AZN) Birbank hesabımdan digər şəxsin M10 hesabına göndərdiyim zaman problem yaşandı. Məbləğ məndən çıxıldığı halda, qarşı tərəfə köçürülmədi. 196 ilə əlaqə saxladım. Məbləğin məndən uğurla çıxıldığını, qarşı tərəfin M10 hesabına köçürülməməsinin probleminin onlara aid olmadığını bildirdilər.

M10 ilə əlaqə saxladıq. M10 tərəfindən bildirildi ki, limiti keçdiyi üçün məbləğ hesaba oturmayıb və iş günləri ərzində məbləğ yenidən göndərən tərəfə qayıdacaq. O cür də oldu. 30.09.2026 tarixində məbləğ yenidən kartıma qayıtdı. 02.10.2026 tarixində həmin məbləğ yenidən kartımdan çıxılıb.

Kapital Bank ilə əlaqə zamanı yenidən sorğu yaradacaqlarını və bunun 3 iş günü çəkəcəyini bildirdilər. Mən sizə etibar edib nağd pulumu sizin debet kartınızda saxlayıram. M10 öz qaydalarına uyğun pulu mənə qaytardı və belə olacağını M10 operatoru əvvəlcədən dediyi üçün mən qarşı tərəfdən heç bir məhsul əldə etməmişəm.

Siz mənim icazəm və xəbərim olmadan niyə 2 gün sonra məbləği həmin adama köçürürsünüz? Həmin insanla əlaqə saxlayıram, deyir ki, mənim hesabım bloklanıb. İndi necə edək? Mən sizin üçün 3, mənim üçün 6 gün (5-6-sı bazar) və əlavə 3 gün hansı pulla yaşamalıyam?

Məndən icazəsiz və xəbərsiz niyə M10-un mənə qaytardığı pulu yenidən başqa hesaba göndərirsiniz və bunun əziyyətini mən çəkməliyəm?”

 

 

Banu

Gununsesi.info