Bakının Qaradağ rayonunda itin hündürmərtəbəli binadan yerə atılması ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narazılıq yaradıb. Hadisə ilə bağlı saxlanılan şəxsin heyvanla rəhmsiz rəftar etdiyinə görə 25 sutka inzibati qaydada həbs olunması isə müzakirələri daha da genişləndirib.
Burada məsələ yalnız bir itin başına gələn faciə deyil. Məsələ insanın özündən zəif və müdafiəsiz canlıya münasibətidir.
Bir heyvanı hündürmərtəbəli binadan atmaq sadəcə “heyvana qarşı pis davranış” kimi qiymətləndirilə biləcək adi hadisə deyil. Bu, canlıya qarşı amansızlığın son həddidir. İnsan özündən zəif bir canlıya belə qəddarlıq göstərə bilirsə, cəmiyyət olaraq bunun qarşısında hansı mövqeni tutduğumuzu da düşünməliyik.
Bu hadisədən sonra cəmiyyətdə səslənən əsas suallardan biri də budur: Belə əməllərə görə cəzalar kifayət qədər sərtdirmi?
Hazırda Azərbaycan qanunvericiliyində heyvanlarla rəhmsiz rəftara görə müxtəlif cəzalar nəzərdə tutulur. Heyvana ağrı, əzab və işgəncə verilməsi, döyülməsi və ya döyüşdürülməsi cərimə ilə, əməlin nümayişkaranə şəkildə törədilməsi daha yüksək cərimə ilə, heyvanın şikəst edilməsi isə daha böyük məbləğdə cərimə ilə nəticələnə bilər. Heyvanın tələf olması halında isə 1500-2000 manat cərimə və ya işin hallarından asılı olaraq bir ayadək inzibati həbs tətbiq edilə bilər.
Ancaq cəmiyyətin reaksiyası göstərir ki, insanlar artıq yalnız cərimə və qısa müddətli inzibati həbslə kifayətlənmək istəmirlər.
Bunun səbəbi sadədir: cəza yalnız baş vermiş hadisəyə reaksiya deyil, gələcək hadisələrin qarşısını almaq vasitəsidir.
Əgər insan bilirsə ki, heyvana işgəncə verməyin, onu öldürməyin və ya hündürlükdən atmağın nəticəsi ciddi hüquqi məsuliyyət olacaq, bu, ən azı müəyyən dərəcədə çəkindirici təsir göstərə bilər.
Dünyanın müxtəlif ölkələrində bu məsələyə yanaşma da sərtləşir. Məsələn, Türkiyədə heyvanların qorunması ilə bağlı qanunvericilikdə ev və ya evcil heyvanı qəsdən öldürməyə görə 6 aydan 4 ilədək, heyvana işgəncə və zalımcasına rəftar etməyə görə isə 6 aydan 3 ilədək həbs cəzası nəzərdə tutulur.
Əlbəttə, Azərbaycan üçün də eyni rəqəmləri olduğu kimi tətbiq etmək məsələyə ən doğru yanaşma olmaya bilər. Amma Türkiyə nümunəsi göstərir ki, heyvana qarşı ağır zorakılığın yalnız inzibati xəta kimi deyil, müəyyən hallarda cinayət əməli kimi qiymətləndirilməsi mümkündür.
Bəlkə də, Azərbaycanda da qanunvericilikdə belə bir yanaşma müzakirə olunmalıdır: heyvanın sadəcə şikəst edilməsi ilə onun qəsdən, qəddar üsulla öldürülməsi eyni hüquqi qiymətləndirməni almamalıdır. Xüsusilə zorakılığın videoya çəkilərək yayılması, işgəncənin nümayişkaranə xarakter daşıması, heyvanın xüsusi amansızlıqla öldürülməsi kimi hallar ayrıca ağırlaşdırıcı hallar kimi nəzərə alına bilər.
Çünki söhbət sadəcə bir heyvanın hüququndan getmir. Söhbət cəmiyyətin zorakılığa münasibətindən gedir.
Bu gün heyvana qarşı qəddarlıq nümayiş etdirən davranışa “onsuz da heyvandır” deyərək göz yumsaq, sabah başqa zorakılıq formalarına da eyni laqeydliklə yanaşmaq təhlükəsi yaranır. Məhz buna görə heyvanlara münasibət həm də cəmiyyətin mərhəmət və məsuliyyət səviyyəsinin göstəricisidir.
25 sutkalıq inzibati həbs bu konkret hadisədə qanunun tətbiq etdiyi tədbirdir. Lakin cəmiyyətdə yaranan müzakirə daha böyük bir suala diqqət çəkir: Azərbaycanın heyvanların müdafiəsi ilə bağlı qanunvericiliyi daha da sərtləşdirilməlidirmi?
Məncə, ağır və qəsdən törədilən heyvan zorakılığı hallarında daha ciddi məsuliyyətin tətbiqi müzakirə olunmalıdır. Amma məqsəd sadəcə cəzanı artırmaq olmamalıdır. Cəza ilə yanaşı, heyvanların müdafiəsi mexanizmləri, nəzarət, hüquq-mühafizə orqanlarının reaksiyası və maarifləndirmə də gücləndirilməlidir.
Çünki qanunun sərt olması qədər onun işləməsi də vacibdir.
Bir canlıyı hündürmərtəbəli binadan yerə atmaq adi hadisə deyil. Buna adi münasibət göstərmək də olmaz. Cəmiyyətin bu məsələdə sərt mövqe ortaya qoyması əslində yalnız heyvanları deyil, insani dəyərləri müdafiə etməkdir.
Bəzən bir itin müdafiəsizliyi bizə öz vicdanımızın nə qədər güclü, yaxud zəif olduğunu göstərir. Və belə hadisələrdən sonra veriləcək ən mühüm sual bəlkə də budur:
Biz heyvanlara qarşı zorakılığa nə qədər dözümlüyük və qanun bu dözümsüzlüyü nə qədər aydın göstərir?
Elmar












